İnsan çox qədimdən yemək, geyinmək və təhlükələrdən qorunmaq haqqında fikirləşməli olmuşdur. Qədim insanlar təbiətin bəxş etdiyi məhsullarla: yabanı bitkilər, vəhşi heyvanlarla qidalanmış, müxtəlif əmək və ovçuluq alətləri hazırlamışlar. Sonralar isə heyvandarlıq və əkinçiliklə məşğul olmuşlar. Zaman keçdikcə onlar yeraltı sərvətlərdən də istifadə etmişlər.
|
İnsanın fəaliyyət sahələri genişləndikcə iqtisadiyyat anlayışı formalaşmağa başlayıb. Deməli, bəşər tarixi ilə birgə yaranan iqtisadiyyat insan fəaliyyətinin ən mühüm sahəsidir. İqtisadiyyatsız cəmiyyət təsəvvür etmək mümkün deyil. |
Cəmiyyət inkişaf etdikcə ictimai təsərrüfat formaları da bir-birini əvəz etmişdir. Bu təsərrüfat formalarına natural təsərrüfat, əmtəə təsərrüfatı və bazar iqtisadiyyatı aiddir. Müəyyən bir dövrdə insanlar yalnız öz tələbatlarını ödəmək məqsədilə məhsul istehsal edirdilər ki, bu, natural təsərrüfat forması adlanırdı.
Zaman keçdikcə əmtəə təsərrüfat forması natural təsərrüfat formasını əvəz etmişdir. İnsanlar öz tələbatlarından daha artıq məhsul istehsal etməyə başlamışlar.
Natural və əmtəə təsərrüfat formalarından sonra yaranmış bazar iqtisadiyyatı müasir dövrədək gəlib çıxmışdır.