Kimyəvi element anlayışı elmə XIX əsrin əvvəllərində ingilis kimyaçısı Con Dalton tərəfindən gətirilmişdir. Element “tərkib hissə” deməkdir. Kimyəvi element atomun müəyyən bir növüdür. Hazırda 100-dən çox elementin olduğu da məlumdur. Bu elementlərə həm canlı, həm də cansız təbiətdə rast gəlinir. Oksigen, karbon, azot və hidrogen elementləri canlı orqanizmləri təşkil edən maddələrin tərkibində daha çoxdur. Ancaq atom və kimyəvi element anlayışlarını eyniləşdirmək olmaz. Elmə məlumdur ki, bir çox elementlərin müxtəlif kütləli atomları mövcuddur. Atom konkret bir hissəcikdir. Suyun tərkibi hidrogen və oksigen elementlərindən ibarətdir. Şəkərin tərkibində üç element: karbon, hidrogen, oksigen vardır. Deməli, bu maddələr müxtəlif kimyəvi elementlərdən təşkil olunub. Kimyəvi elementlərin əmələ gətirdikləri maddələr metallar və qeyri-metallara bölünür. Metallar adi şəraitdə parlaq və bərk olur (civədən başqa), elektrik cərəyanını və istiliyi keçirir, plastikdir. Qeyri-metallar isə parlaq olmur, elektrik cərəyanını və istiliyi keçirmir, ya da pis keçirir. Onlar qaz, maye və bərk halda olur. Hazırda elementlər milyonlarla maddələri əmələ gətirir. Bu maddələrin tərkibindəki elementləri xüsusi işarələrlə göstərirlər. Bu işarələr latınca elementin adının baş hərfini və ya iki hərfini ifadə edir. |