Nə üçün insan təbiətin ali varlığıdır? Bu suala cavab axtaraq. İnsan beyninin quruluşu digər canlılarınkından daha mürəkkəbdir. İnsan nitq və təfəkkürə malikdir. İnsan təbiətdən ayrı yaşaya bilməz, onun yaşaması üçün lazım olan nə varsa, təbiətdən alır və təbiətdən bəhrələnir. Əgər təbiətdə Günəş, su, hava olmasa, insan mövcud ola bilməz. O, təbiətdən yaşamaq üçün qida əldə edir, digər sərvətlərdən isə müxtəlif məqsədlər üçün faydalanır. Ancaq insan təbiətdəki sərvətləri plansız surətdə mənimsədiyi zaman təbiətə zərər vurur.
İnsanın varlığı və sağlamlığı da, demək olar ki, ətraf mühitdən asılıdır. İnsanın təbiətə vurduğu ziyan birbaşa onun özünə vurduğu ziyana bərabərdir. Əgər əvvəllər insanların təbiətə vura biləcəyi zərər adi bir canlının gücü çatacaq miqyasda ölçülürdüsə, bu gün onun fəaliyyəti nəticəsində bütün silahlardan təhlükəli olan “ekoloji partlayış”a səbəb olacaq bir vəziyyət yaranıb. Bu təbiətdə bioloji tarazlığın pozulmasına gətirib çıxarmışdır.
Atom bombasının* yaradılması, kimyəvi və bioloji silahların istehsalı, kənd təsərrüfatında istifadə olunan zərərli maddələr, zavodların havaya buraxdığı zərərli qazlar təbiətə böyük ziyan vurur. II Dünya müharibəsində Amerikanın Yaponiyaya atdığı atom bombaları, Vətən müharibəsi zamanı düşmənin istifadə etdiyi fosforlu bombalar buna əyani sübutdur. Bütün bunlara baxmayaraq, insan hələ də bir çox təbiət hadisələri qarşısında gücsüzdür. Son illərdə baş verən zəlzələlər, daşqınlar, sellər və s. buna misal ola bilər.
——————