Gigiyena* insan sağlamlığını qorumaq haqqında elmdir. İnsan sağlamlığının qorunması üçün bir çox qaydalar tərtib olunmuşdur. Bu qaydalar iki qrupa ayrılır: ümumi və şəxsi gigiyena qaydaları. Bu qaydalar hansılardır və onlara necə əməl olunmalıdır? Fikirləşin.
Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək təkcə insanın özü üçün deyil, həm də ətrafındakılar üçün əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.
Müasir dövrümüzdə kompüterdən istifadə etməklə istədiyimiz məlumatı çox asanlıqla əldə edirik. Lakin uzun müddət kompüter qarşısında oturduqda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, havada oksigenin miqdarı azalır. Belə mikroiqlimdə uzun zaman qalmaq isə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarına təsir edir, dəyişir, yorulma baş verir, orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Bundan əlavə, kompüter qarşısında çox oturduqda və düzgün oturmadıqda onurğanın qeyri-normal əyriliklərinə (skolioz və qeyri-normal hala keçmiş kifoz və lordoz) təsadüf olunur. Bu isə daxili orqanların fəaliyyətinə mənfi təsir göstərir.
——————