|
Quruya düşən yağış sularının bir hissəsi buxarlanır, bir hissəsi torpağa hopur. Yağıntıların qalan hissəsi quruda olan su obyektlərinin - çay göl, bataqlıq və buzlaqların qidalanmasına sərf olunur. Yerə hopan suların müəyyən hissəsi suyu keçirməyən süxurlar üzərində toplanır, sonradan yer səthinə çıxır. Quruda olan sular insanların istifadə etdiyi şirin suyun əsas mənbələridir. Bu mənbələr digər məqsədlər üçün də istifadə olunur.
|
Yerin quru sahələri olan materiklər və adalarda yerləşən çaylar, göllər, su anbarları, bataqlıqlar, buzlaqlar və yeraltı sular (qrunt suları) quru suları adlanır.
Çayların dağlarda yerləşən yuxarı axarlarında meyillilik çox, axın sürəti yüksək, düzənliklərdə axın sürəti zəif, meyillilik az olur. Hər bir çayın başlanğıcına mənbə, töküldüyü yerə mənsəb deyilir. Çayın mənbəyi bulaq, göl, bataqlıq, mənsəbi
çayın digər çaya, gölə, dənizə töküldüyü yer ola bilər. Çayın axını istiqamətində hərəkət etsək, sağda çayın sağ sahili, solda çayın sol sahili olacaq. Hər bir çayın qolları olur və bu qollar, adətən, əsas çaydan kiçik olur. Çaya bütün qolları ilə birlikdə çay sistemi deyilir. |