|
|
|
Coğrafiyanın inkişafında və bu sahədə biliklərin toplanmasında V əsrdən Böyük coğrafi kəşflərə (XV-XVII əsrlər) qədər olan vaxt Orta əsrlər dövrü kimi ayrılır. Bu dövrdə Avropada elmin inkişafında maneələr yaranmış və geriləmələr olmuşdur. VII əsrdə İrlandiya sakinləri İslandiya adasını kəşf etdilər və burada yaşayış məskənləri yaratdılar.
X əsrin ikinci yarısında Skandinaviyadan olan dənizçilər İslandiya adasının cənub-qərbində sıx əhali yaşayan ərazilərə köçmüşlər. Lakin yerli əhali ilə münaqişə nəticəsində onlar qərbdə yeni torpaqlar tapmaq üçün yenə səfərə çıxmışlar. Müəyyən qədər üzdükdən sonra onlar sahilləri yaşıl otlar və kollarla örtülü olan əraziyə yaxınlaşırlar və buranı Qrenlandiya (Yaşıl torpaq) adlandırırlar. Bu ərazilərdə məskən salan dənizçilər təxminən 1000-ci ildə Qrenlandiyadan qərbə tərəf üzərək, Şimali Amerikanın şərq sahillərinə çatdılar.
Bu dövrdə Şərq ölkələri sayılan Ərəbistan yarımadası və ətraf ölkələr, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrində zəngin elmi biliklər toplanmışdır. Həmin məlumatlar ölkələr arasında əlaqələrin qurulması və ticarət üçün böyük əhəmiyyət kəsb etmişdir.
İlkin orta əsrlərdə Ərəbistan yarımadası və Şimali Afrikanı əhatə edən Ərəb xilafəti mövcud olmuşdur. Ərəb səyyahları, coğrafiyaşünasları ölkələri gəzərək zəngin məlumatlar toplayırdılar. Günəş sisteminə daxil olan planetlər və digər səma cisimlərinin öyrənilməsi üçün böyük işlər görülmüşdür.
XI əsrdə Mərkəzi Asiyada yaşayan Mahmud Qaşqari türk xalqlarının məskunlaşdığı əraziləri gəzmiş, onların dilini, ədəbiyyatını və folklorunu öyrənmişdir. Bu məlumatlar əsasında türk xalqlarının yaşadığı ərazilərin xəritəsi verilmiş, xalqların dilinə aid lüğət tərtib edilmişdir.