Bizi əhatə edən təbiət çox müxtəlif və rəngarəngdir. Ucsuz-bucaqsız okeanlar və meşələr, çaylar, göllər, minlərlə bitki və heyvan növlərinin yayıldığı səhralar və çöllərdə təbii mühitin komponentləri öz təbii tarazlığını saxlaya bilir. Bununla yanaşı, əhalinin yaşadığı saysız-hesabsız şəhərlər və kəndlər, bu məntəqələri birləşdirən dəmir və avtomobil yolları, əkin sahələri, zavodlar və fabriklər, onlardan çıxan tullantılar ətraf ərazilərin tamamilə dəyişməsinə, bir çox hallarda çirklənməsinə, hətta bəzən yaşayış üçün yararsız hala düşməsinə gətirib çıxarır. Ona görə təbii mühitin mühafizəsi, insanların sağlamlığının qorunması üçün tədbirlər görülür. |
|
|
İnsanlar təbiətin bir hissəsi olduğuna görə, onun bütün komponentləri ilə daim qarşılıqlı əlaqədədirlər. Uzaq keçmişdə insanlar tamamilə təbiətdən asılı vəziyyətdə olmuşlar. Əkinçilik və heyvandarlığın inkişafı insan və təbiət arasındakı münasibətlərin tamamilə dəyişməsinə gətirib çıxardı. İnsanlar özlərinin və təsərrüfatın baş verən təbii fəlakətlərdən, quraqlıqdan qorunması üçün təbiəti dəyişməyə çalışırdılar. Bunun üçün bəndlər, suvarma kanalları tikməyə, meşələri qırmağa, bataqlıqları qurutmağa başladılar. Əhalinin sayının artması, elm və texnikanın inkişafı ilə insanın təbiətə təsiri geniş miqyas almışdır.
Müasir insanlar getdikcə daha çox yerüstü təbii sərvətləri və faydalı qazıntıları istifadə edir. Lakin onları da sonsuza qədər istifadə etmək olmaz, çünki getdikcə tükənir. İnsana bir sutkada 2 litr su, 2 kq qida, 25 kq hava tələb olunur. Əhalinin sayının artması təbii sərvətlərə və onlardan alınan məhsullara tələbatı artırır, mənimsənilən ərazilər genişlənir. Ona görə təbiətə daha çox ziyan vurulur, çirklənən ərazilər genişlənir. Bu zaman təbiətin çirklənməsinə aşağıdakı fəaliyyət sahələri təsir göstərir.
Kənd təsərrüfatı ətraf mühitin təbii tarazlığını pozan və çirkləndirən əsas sahələrdən biridir. Suvarmanın düzgün aparılmaması nəticəsində torpağın üst münbit qatı eroziyaya uğrayır (yuyulur), yeraltı suların səviyyəsi qalxır və torpaqlar şoranlaşır.