Plan və xəritələr daim insanların köməyinə gəlir. Onlar ərazilərin istifadə edilməsi, tikinti işlərinin aparılması, yaşayış yerlərinin abadlaşdırılması, parkların və xiyabanların salınması üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, planın hazırlanması məktəblərdə müəllimin rəhbərliyi ilə aparıla bilər. Güman edirik ki, məktəb həyətinin və ya futbol meydançasını plana almaq maraqlı olacaqdır:
|
|
üçayaq (menzula) | kompas | metrə | transportir |
planşet | çöl pərgarı | karandaş, pozan | xətkeş |
Xəritəşünaslar ərazinin planaalınmasını mürəkkəb alətlərin köməyi ilə, məsafələri dəqiq ölçməklə həyata keçirirlər. Onların əsasında yeni xəritələr tərtib olunur və ya mövcud xəritələrdə dəqiqləşdirmə işləri aparılır. Biz isə sadə planaalma işləri yerinə yetiririk, məsafələrin ölçülməsi təxmini (gözəyarı) aparıldığına görə, planaalma da belə adlanır. Bunun üçün ilk növbədə plana alınacaq məktəb meydançasının mərkəzində nöqtə seçilir. Sonda menzula burada qurulur, onun üzərinə planşet bərkidilir. Planşetin hazırlanması üçün ölçüsü 40 x 40 sm olan taxta lövhənin üzərində ağ kağız yapışdırılır. Onun üzərində şimal-cənub istiqaməti müəyyən edilir, kompas qurulur.
Sonra dayandığımız nöqtə planşetdə qeyd olunur. Planşeti çevirməklə elə qurmaq lazımdır ki, onun yuxarısı şimala tərəf yönəlmiş olsun. Meydançanın ətrafında yerləşən və plana alınacaq obyektlər seçilir, onların şərti işarələri müəyyən edilir. Bunun üçün kitabda verilən və ya xəritədə olan şərti işarələrdən istifadə etmək olar.
Sonra transportirin mərkəzini (0 bölgüsünü) həmin nöqtəyə qoymaqla, plana alınacaq obyektlərə qədər olan azimut bucağını hesablamaq lazımdır. Onlar xüsusi olaraq hazırlanan cədvəldə yazıla bilər.