Qədim insanlar yaşadığı ərazini daş, gil və ağac materialları üzərində əks etdirirdilər. Onlar dağları, çayları, yaşayış məntəqələrini, dövlətlərin sərhədlərini xəritəyə köçürürdülər. Coğrafi biliklər artdıqca xəritələr təkmilləşmiş və daha böyük ərazilər təsvir olunmuşdur. Bu zaman xəritələrdə əks etdirilən məlumatlar da artmışdır. Toplanan məlumatların artması ilə eyni vaxtda yeni məzmunlu xəritələr tərtib edilir, bir xəritədə verilən məlumatlar çoxalır. Ona görə də eyni bir ərazinin müxtəlif məzmunlu xəritələri hazırlanır. |
|
|
Coğrafiya xəritələrinin rolu böyükdür. Xəritələr coğrafi biliklərin ən mühüm mənbəyidir. Xəritələrin köməyi ilə ərazi haqqında məlumat əldə edilir, təbiətdə baş verən hadisə və proseslər öyrənilir, coğrafi obyektlərin yeri müəyyən edilir. İnsanların gündəlik həyatında coğrafiya xəritələri böyük əhəmiyyət kəsb edir. Xəritələrdə informasiyaların verilməsi, biliklərin əldə edilməsi imkanları onların miqyası ilə yanaşı, məqsədindən, məzmunundan, təsvir edilən ərazilərin sahəsindən də asılıdır.
Tədris xəritələrində coğrafi obyekt və hadisələr xüsusi olaraq seçilir. Ona görə yalnız ən vacib olanları göstərilir. Bu zaman, əsasən, fiziki, siyasi və kontur xəritələr daha böyük əhəmiyyət kəsb edir.
Yer səthini təsvir etmək üçün coğrafiya xəritələrindən geniş istifadə olunur. Coğrafiya xəritələrində plandan fərqli olaraq, yerin bütün səthini və ya onun böyük hissələrini görə bilərsiniz. Məsələn, fiziki xəritələrdə dağlar, düzənliklər, dənizlər, çaylar, bəzən faydalı qazıntıların yerləşməsi əks etdirilir. Ölkələri, onların sərhədlərini, paytaxtlarını əks etdirən xəritələr siyasi xəritələr adlanır. Fiziki və siyasi xəritələrlə yanaşı, xüsusi bir növ kontur xəritələr də var. Kontur xəritələrdə yalnız coğrafi obyektlərin sərhədləri və dərəcə toru göstərilir. Bu cür xəritələrdən istifadə etməklə coğrafi obyektlər öyrənilir və onlar müstəqil olaraq qeyd edilir.