İnsanlar çoxdan fikirləşirdilər ki, Yer planetində həyatın mövcud olması kosmik hadisələrlə əlaqəlidir, lakin bunun necə baş verdiyini izah edə bilmədiyinə görə onlara sitayiş etmiş, əfsanələr və rəvayətlər yaranmışdır. Günəş, planetlər və ulduzların yerləşməsinə görə qədimdə tarixi hadisələr və insanların taleyi haqqında proqnozlar verməyə çalışırdılar. İnsanlar hesab edirdilər ki, Günəş və Ayın tutulması baş verirsə, deməli, yaxın vaxtlarda daşqın, fırtına və quraqlıq, kimi fəlakətlər baş verəcəkdir. |
|
|
Yer günəş sistemində uzaqlığına görə üçüncü yeri tutur, Venera və Mars planetləri arasında, Günəş ətrafında dövr edir. Bizim planet özünəməxsus xüsusiyyətlərə malikdir. Bu fərqlər bir neçə istiqamətdə özünü göstərir.
Yerin digər planetlərdən əsas fərqi ondadır ki, burada həyat mövcuddur. Məhz burada canlı orqanizmlərin yaşaması və inkişafı üçün zəruri şərait vardır. Planeti əhatə edən atmosfer sıx olmadığına görə günəş şüaları buradan sərbəst olaraq keçir. Ona görə onun səthi kifayət qədər qızır, yaşayış üçün əlverişli olur.
Yerin daxilində gedən proseslər nəticəsində Yerin ətrafında yaranan maqnit sahəsi canlıları Günəşdən və kosmik fəzadan gələn zərərli şüalardan qoruyur və həyat üçün yaranan təhlükələr aradan qalxır. Yer kosmosdan baxarkən mavi rəngdə görünür. Bunun səbəbi okean sularının geniş sahə tutmasıdır. Ona görə Yerə Mavi planet də deyilir. Yer Günəşdən elə bir məsafədə yerləşir ki, onun səthi gündüzlər çox qızmır, gecələr isə çox soyumur. Yerin möhkəm səthə malik olması ilə əlaqədar onun üzərində sərbəst gəzmək olur, bitkilər bitir, sular axır. Onun üzərində yaranan yer qabığı, hava və su təbəqələri arasında sıx əlaqə mövcuddur. Yerdə suyun buxar halında olması nəticəsində onun ərazilər üzrə paylanması baş verir. |
|