Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Ermənistan xarici dövlətlərin himayəsi və yardımı ilə təcavüzü genişləndirdi. Münaqişə açıq müharibə mərhələsinə daxil oldu. Azərbaycanda çox az sayda təcrübəli və peşəkar zabitlərə malik olan, daha çox könüllülük əsasında özünümüdafiə qüvvələri yaradılmışdı. Silah-sursat baxımından zəif təchiz olunan bu qüvvələr Ermənistan və Qarabağda yerləşən, Sovet ordusu tərəfindən yaxşı silahlandırılmış və təlim keçmiş erməni hərbi hissələrinə qarşı uğurlu hərbi əməliyyatlar aparmaq gücündə deyildi. 1991-ci ilin dekabrından keçmiş SSRİ qoşun hissələrinin köməyi ilə erməni terrorçuları Qarabağda azərbaycanlılar yaşayan kəndlərə hücum əməliyyatlarını genişləndirdilər. Qazaxın Bağanis-Ayrım kəndi, İmarət Qərvənd, Tuğ, Salakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Qaybalı, Malıbəyli və Yuxarı və Aşağı Quşçular kəndləri, 1992-ci ilin əvvəllərində Kərkicahan kəndi işğal edildi. Dinc və silahsız əhaliyə divan tutuldu. Döyüşlərdə onlarla Azərbaycan əsgəri qəhrəmancasına həlak oldu. |
Soyqırımı Xocalı və Şuşa şəhərləri mühasirəyə alındı. Azərbaycanın yeni yaradılmış ordu hissələrinin 1992-ci ilin yanvarında Şuşanın mühasirəsini yarmaq üçün keçirdiyi "Daşaltı" əməliyyatı isə uğursuz oldu. Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. Həmin dövr Rusiya mətbuatında yazılan məlumatlarda göstərilirdi ki, ermənilər öldürdükləri azərbaycanlıları silos quyularına doldurmuş, girovlara isə dəhşətli işgəncələr vermişlər. |