GİRİŞ
Hörmətli oxucu!
Məlum olduğu kimi, kənd təsərrüfatı iqtisadiyyatın aparıcı istiqaməti olmaqla yanaşı, olduqca riskli və
təbiətdən asılı bir sahədir. Kənd təsərrüfatının təbiətdən asılılığı onu deməyə əsas verir ki, bu sahə
ilə məşğul olanlar iqlim- torpaq-bitkiçilik və heyvandarlıq arasında qarşılıqlı əlaqələri bilməli, ətraf
mühit və bizi əhatə edən kənd təsərrüfatı yönümlü elementlər (bitki örtüyü, su, hava, torpaq ehtiyatı,
heyvandarlıq və s.) haqqında geniş təsəvvürə malik olmalıdırlar.
“İqlim və ətraf mühit” adlı modulda iqlim amilləri (havanın temperaturu, yağıntılar, külək, havanın
rütubətliliyi, atmosfer təzyiqi və s.), onların ölçülmə metodları və kənd təsərrüfatında rolu, hava
proqnozu və onun əhəmiyyəti, ətraf mühit və onun əsas kənd təsərrüfatı yönümlü elementləri arasında
qarşılıqlı əlaqə, bitkilər üçün tələb olunan əsas həyat amilləri və onların nizamlanması yolları,
aqrolandşaftda (kənd təsərrüfatı yönümlü təbii ərazi kompleksi) ekoloji tarazlığın pozulma səbəbləri,
iqlim dəyişiklikləri və ona qarşı qabaqlayıcı tədbirlər, təbii ehtiyatlardan uzun müddət və səmərəli
istifadə yolları və s. məsələlər ətraflı şərh edilmiş və mövzulara uyğun praktik tapşırıqlar
verilmişdir.
Əziz şagirdlər! Bu modulda siz, ətraf mühitin uyğun elementləri ilə kənd təsərrüfatı arasında qarşılıqlı
əlaqələri öyrənəcəksiniz, iqlim amilləri və onların kənd təsərrüfatında idarə edilməsi, risklərin
azaldılması, aqroekoloji tarazlığın qorunması yolları və s. məsələlər haqqında bilik və bacarıqlara
yiyələnəcəksiniz.