Rütubətlik əmsalı - istilik və rütubət arasında asılılığı,
məntəqənin coğrafi mövqeyini, çay və göl şəbəkəsinin
sıxlığını, fiziki və kimyəvi aşınmanın intensivliyini,
kənd təsərrüfatının yerləşməsini, əhalinin sıxlığını
göstərir, təbii zona və bitki örtüyü haqqında məlumat
verir. Rütubətlik əmsalı: R.ə.= 1 olduqda normaldır; R.ə
< 1 (vahiddən kiçik) olduqda rütubət çatışmamazlığı
var. Bu cür ərazilərdə quraqlığa davamlı kserofit bitki
örtüyünün inkişafı və duzlu göllərin əmələ gəlməsi
üçün əlverişli şərait yaranır. Quraq (arid) iqlimdir.
Suvarma tələb olunur. Düz radiasiya çox, fiziki
aşınma intensivdir; R.ə. > 1 Bu cür ərazilərdə yağıntı
buxarlanmadan çox olduğundan rütubət boldur (şəkil
1.5), düz radiasiyanın miqdarı az, su hövzələri, çaylar,
göllər sıx, bataqlıqların yaranması üçün əlverişli
təbii şərait mövcuddur. Rütubətli (humid) iqlimdir.
Yuxarıda göründüyü kimi, rütubət əmsalı nə qədər
kiçik olursa, iqlim bir o qədər quru olur.
Havanın nəmliyi bitkidə fizioloji proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, çox quru havada yarpağın ağızcıqları qapanır (şəkil 1.6), transpirasiya (yarpaqdan suyun buxarlanması) və assimilyasiyanı (maddələr mübadiləsi nəticəsində bitkidə üzvü maddələrin toplanması) azaldır. Nisbi rütubətin normadan çoxluğu yarpağın transpirasiyasını (şəkil 1.6) azaldır. Havanın rütubəti transpirasiyanı tənzim edən mühüm amillərdəndir. Havada rütubət artdıqda transpirasiya zəifləyir, azaldıqda isə intensivləşir. Havanın temperaturunun yüksəlməsi transpirasiyanın sürətlənməsinə səbəb olur. Külək transpirasiyanı şiddətləndirir. Əksər bitkilər üçün havanın optimal nəmliyi 70-80 % təşkil edir. Havanın nisbi rütubəti və suvarma suyu azlıq edən yerlərdə quraqlığa davamlı sortlar əkilməlidir. Gecə şehi və isti yay yağışları yarpaqları gec quruyan və havalanma pis olan yerlərdə göbələk xəstəliklərindən mildiu, antraknoz və çürümə xəstəlikləri tez baş verir. Havanın nəmliyi 25%-dən aşağı olduqda dişicik ağızcığındakı şirə quruyur. 1.1.3. Havanın təzyiqi Yer kürəsini əhatə edən hava müəyyən ağırlığa, çəkiyə malikdir. |