Təlim nəticəsi 2. İqlim və kənd təsrrüfatı
Əziz şagirdlər! Siz “iqlim və kənd təsərrüfatı” mövzusunda əldə etdiyiniz biliklər
nəticəsində, iqlimin əsas faktorları, onların kənd təsərrüfatında rolu və təsir xarakteri,
iqlim dəyişiklikləri və onların baş vermə səbəbləri, iqlim dəyişikliklərinn bitkiçilik və
heyvandarlığa vurduğu ziyan, kənd təsərrüfatında risklərin azaldılması yolları və
iqlim dəyişikliklərinə qarşı adaptiv (uyğunlaşan) aqrotexnologiyaların tətbiqi və s.
məsələlər haqqında geniş təsəvvürə malik olacaqsınız və bir sıra praktik bacarıqlara
yiyələnəcəksiniz.
Məlumdur ki, kənd təsərrüfatı təbiətdən asılı olmaqla iqtisadiyyatın olduqca riskli
bir sahəsi hesab olunur. Kənd təsərrüfatının əsas obyekti torpaq, yaşıl bitkilər və
heyvandarlıqdır. Bu üç əsas ünsür təbiət hadisələri altında formalaşır və biri digərini
tamamlayır. Məsələn, torpağın bitkini qida maddələri ilə normal təmin etməsi
üçün onda kifayət qədər su və temperatur olmalıdır. Bu amillər isə yağıntıların və
günəş şüalarının hesabına formalaşır. Bitkilər üçün optimal iqlim amilləri mövcud
olmadıqda onlar inkişafdan dayanır və digər asılı sahə olan heyvandarlıq üçün yem
bazası tükənmiş olur.
İnsan amilinin səylərinə baxmayaraq, kənd təsərrüfatı iqlimdən asılı olduğu üçün
daim risk altındadır. Məsələn, insan torpağı yaxşı becərmiş olsa da, onun münbitliyini
artırsa da, toxumun cücərməsi və bitkinin normal inkişafı üçün optimal temperatur
və kifayət qədər işıq mövcud olmalıdır. Qeyd olunanlardan aydın olur ki, müəyyən
ərazidə heyvandarlıq və bitkiçiliyin normal inkişafı üçün həmin əraziyə uyğun olan
optimal iqlim şəraiti mövcud olmalıdır.
2.1. İqlim və onun əsas amilləri
Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə
iqlim deyilir. İqlim yaradan amillər aşağıdakılardır: atmosfer yağıntıları, havanın
sirkulyasiyası (külək), günəş radiasiyası (işıq, istilik), atmosfer təzyiqi, havanın
rütubətliyi, torpağın rütubətliyi, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və s.
Şəkil 2.1. Atmosfer havasının dövranı