İqlim hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. Planetar miqyasda, zonalar
daxilində mövcud olan iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub, bir və ya bir
neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim məhəlli iqlimi (mezoiqlim də
adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın
təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı,
həmçinin rütubət dövranıdır (şəkil 2.1). İqlimə təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef,
dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq
örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. Azərbaycanın düzənlik hissəsi qismən Aralıq dənizi və
quru subtropik iqlim tiplərinə aid edilir. Dağlıq ərazinin iqlimi olduqca müxtəlifdir. Azərbaycan
Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağlıq tundra iqliminədək 8 iqlimi tipi mövcuddur.
Müəyyən ərazidə kənd təsərrüfatı bitkilərinin istilik və rütubətlə təmin olunma dərəcəsinin müəyyən
edilməsi, aqrotexniki qaydaların, meliorasiya tədbirlərinin əsaslandırılması, mikroiqlimin
yaxşılaşdırılması, xarici mühitin məhsula təsiri məsələlərinin öyrənilməsində iqlimşünaslıq elminin böyük
rolu var. Bölgənin iqlim şəraitini bilməklə baş verən iqlim anomaliyalarına (dəyişikliklər) qarşı
qabaqlayıcı tədbirlər aparmaq mümkün olur. Hər hansı bir zonanın iqlim şəraitini bilməklə kənd
təsərrüfatının ayrı-ayrı sahələrinin planlaşdırılması və düzgün yerləşdirilməsi mümkün olur.
2.1.1.
İqlim tipi və iqlim qurşaqları
İqlimin 2 yarımtipi var: 1. Dəniz - okeanlar üzərində formalaşdığından qış yumşaq, yay mülayim, bol yağıntı,
temperatur amplitudası kiçik olur. 2. Kontinental - materiklər üzərində formalaşdığından yay isti, qış sərt
soyuq, yağıntı az, temperatur amplitudası böyük olur. Rus iqlimşünası Alisov yer səthinin günəş tərəfindən
qeyri-bərabər qızması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bunların 7-si əsas, 6-sı isə
keçid iqlim qurşaqlarıdır. Əsas iqlim qurşaqlarında ilboyu yalnız bir hava kütləsi hakim olur. Keçid iqlim
qurşaqları əsas iqlim qurşaqları arasında yerləşirlər və onların öz hava kütlələri olmur. Keçid iqlim
qurşaqlarında yayda özündən cənubdakı, qışda isə özündən şimaldakı əsas iqlim qurşağında mövcud olan hava
kütləsi hakim olur. İqlim qurşaqları bir-birindən öz temperatur şəraiti, atmosfer təzyiqi və hava kütlələri
ilə fərqlənirlər.
Əsas iqlim qurşaqlarına ekvatorial, tropik, mülayim, arktik, antarktik, keçid iqlim qurşaqlarına isə
subekvatorial, subtropik, subarktik və subantarktik aid edilir.
Fəsillər arktik və ekvatorial qurşaqda bilinmir, mülayim və subtropik qurşaqlarda isə aydın seçilir.
Subekvatorial, subarktik və tropik iqlim qurşaqlarında isə ilboyu yalnız 2 fəsil - yay və qış müşahidə
olunur. İnsanın yaşayıb, fəaliyyət göstərməsi üçün mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daha
əlverişlidir. Dünya əhalisi subtropik və şimal mülayim qurşaqlarında daha sıx məskunlaşıb.
Dünyada mövcud olan 13 iqlim qurşağından yalnız 2-si Azərbaycandadır: 1) Subtropik - ölkənin 65 %-ni əhatə
edir. 2) Mülayim - ölkənin 35 %-ni əhatə edir.