Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (15002700 m) üçün
səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200%
çoxdur. Qışı soyuq, yayı sərindir.
Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək
ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar
bir ildən o biri ilə qalır.
Düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından az olan torpaqlara arid (quraq) torpaqlar deyilir
(şəkil 2.2). Bu zonanın iqlimi isti və quraq olur. Su ilə yuyulmadığı üçün bu zonanın torpaq profilində,
yaxud torpaqaltı qatlarda karbonat, xlorid və sulfatlar toplanır. Arid torpaqlar quru çöllərdə, səhralaşmış
savannalarda, yarımsəhra və səhralarda əmələ gəlir. Arid torpaqlara şabalıdı, boz qonur yarımsəhra və
müxtəlif səhra torpaqları aiddir. Burada əkinçilik yalnız süni suvarma aparmaqla mümkündür.
Humid iqlim (lat. humidus - rütubətli) - rütubətliliyi artıq olan iqlim hesab olunur. Humid torpaqlarda
yağıntının miqdarı buxarlanan və yerə hopan suyun miqdarından xeyli çox olur və artıq qalan su yer səthində
çay şəbəkəsinin, yəni çay dərələrinin əmələ gəlməsinə səbəb olur (şəkil 2.2).
2.2.
İqlim və bitkiçilik
İlk kənd təsərrüfatı məhsulu istehsal edən sahə bitkiçilidir. Bu sahənin məhsul istehsalı üçün istifadə
etdiyi materiallardan biri günəş işığının kinetik enerjisi, əsas istehsal vəsaiti isə yaşıl bitkilərdir.
Bitkiçilik sahəsi üzrə kənd təsərrüfatı məhsulları istehsalı üç təbii amilə əsaslanır: bitkilər, iqlim və
torpaq.
Torpaq - Bitkini qida maddələri və rütubətlə (su) təmin edən əsas mənbədir.
İqlim - Hər hansı bir bitkinin inkişafı üçün 5 həyat amili lazımdır: işıq, istilik, su, hava və qida
maddələri.
Bitki, torpaq və iqlimin köməyi ilə qeyri-üzvü maddələri üzvi maddələrə çevirir. Bitki üzvi maddələri özünün
vegetasiya dövründə sintez edib yaradır. Bitkinin inkişaf etdiyi mühitin iqlim amilləri onda gedən
fotosintez prosesinə bilavasitə təsir göstərir.
Bütün digər canlı orqanizmlər kimi, bitkilər də öz həyat fəaliyyəti müddətində həmişə xarici mühitlə
qarşılıqlı təsirdə olur. Yaşayış şəraiti və lazım olan amillər bitkilərin bioloji tələblərinə uyğun
olmadıqda onların fəaliyyətində gedən fizioloji proseslər pozulur, inkişafı zəifləyir və bəzi halda tələf
olurlar. Əksinə, bitkilər lazım olan amillərlə təmin edildikdə, normal inkişaf edərək yüksək məhsul
verirlər. Bu və ya digər bitki növləri və hətta onların ayrı-ayrı sortları üçün həmin amillərə olan tələbat
müxtəlifdir.