2.2.1. Bitkilər üçün tələb olunan əsas həyat
amilləri
Bitki xarici mühit amillərinin bilavasitə təsiri altında bitir və məhsul verir. Bitkinin yerləşdiyi yer dedikdə onun bitdiyi torpaq və torpağın özündə və üzərindəki mikroiqlim nəzərdə tutulur. Mikroiqlim və torpaq məhsulun miqdar və keyfiyyətinə təsir göstərir. Hər bir bitki üçün ekoloji şəraitin öyrənilməsi aqrotexniki tədbirlərin səmərəli tətbiqində, sortların rayonlaşdırılması məsələlərinin düzgün həllində və yeni sort yaradılması məqsədi ilə aparılan seleksiya işlərində böyük əhəmiyyəti var. Hər hansı bir bitkinin inkişafı üçün aşağıdakı şərtlər və ya vegetasiya amilləri lazımdır: işıq, istilik, su, hava və qida maddələri (şəkil 2.3). 2.2.2. İşıq Bütün vegetasiya müddətində bitkinin günəş şüasına ehtiyacı var. İşıq çatışmazlığında zoğlar çılpaqlaşır, yarpaqlar tədricən saralır və tökülür, eləcə də çiçək qrupları və çiçəklər tökülür. Ekoloji amil kimi işıq fotosintez, transpirasiya və böyümə kimi proseslərdə mühüm rol oynayır. Bitkidə sintez mənbəyi yalnız işıqdır. Günəş şüalarının bitkiyə verdiyi istiliyi başqa istilik mənbələri hesabına yaratmaq mümkündür, ancaq günəş şüasının bitkiyə təbii təsirini süni işıqlar verə bilmir. Günəş işığı və onun şüa enerjisi yerə normal düşsə də, bəzən bitkilər işıqdan səmərəli istifadə edə bilmirlər. Bu, düzgün əkin aparıımadıqda (sıx səpin), budama normal olmadıqda bitkidə və əkin sahəsində yaranan süni kölgələr nəticəsində baş verir. İşıqlı dövrün sutkalıq davamiyyəti bitkinin böyüməsini intensivləşdirir. Adi yay günlərində işıqlanma intensivliyi 100 000 lyuksdan çox olur. Ancaq digər şəraitlərlə yanaşı, işıq intensivliyi 30000 lyuks olan şəraitdə, məsələn, əlverişli temperatur şəraitində və normal su ilə təmin olunmuş yarpaqda assimilyasiya optimal olur. İşıq intensivliyi, hətta buludlu havada da 30000 lyuksa çata bilir. Günəş şüasının istilik təsiri işıq enerjisinin torpağın səthində və yarpaqlarda istilik enerjisinə çevrilməsi ilə ifadə olunur. Müxtəlif dalğalı günəş şüalarının bitkiyə təsiri eyni deyil. Yer kürəsində bunların miqdarı eyni deyil. |