2.2.3. İstilik
Toxumların cücərməsi, mikroorqanizmlərin fəaliyyətinin gücləndirilməsi və torpaqda üzvi maddələrin parçalanması üçün lazım olan ən vacib amillərdəndir. Toxumun cücərməsi üçün torpaqda normal temperatur olmalıdır. Həmin temperatur hər bir bitkinin səpin müddətini göstərir. Belə ki, əksər yazlıq bitkilərin toxumu torpaqda 12-14°C temperatur yarandıqda cücərir. Bu temperatur isə adətən aprel ayının birinci və ikinci on günlüklərinə təsadüf etdiyindən həmin dövr əksər yazlıq bitkilərin optimal səpin müddəti hesab olunur. Torpağın temperaturunu ölçmək üçün sadə termometrlərdən əlavə, elektrodlarla təchiz olunmuş elektron cihazlar da mövcuddur (şəkil 2.6). Bu cihazlar vasitəsilə həm torpağın temperaturunu və həm də nəmliyini təyin etmək olur. Torpaqda temperaturu yaratmaq üçün torpağı dərin yumşaltmaq və yaxşı quruluş vermək, tez günəş şüasını udub, tez isinməsinə şərait yaratmaq, yazda torpaqdan buxarlanmanı (istilik verməni) azaltmaq üçün mulçalama, qarı sahədə qoruyub saxlama və s. tədbirlər həyata keçirilməlidir. Torpağın isinməsi ondakı hava və suyun miqdarından asılıdır. Gündüzlər günəş şüaları bitkinin yerüstü orqanlarını və torpağı qızdırır. Eyni zamanda gecələr bitkinin orqanlarından (şəkil 2.4) və torpaq səthindən istilik çıxır və onlar soyuyur. Gecələr torpağın soyuması, gündüzlər isə qızması istilik balansıdır. İstilik şəraiti rütubətlə bağlıdır. Bulud, duman və yağışlar bitkidə istiliyi azaldır. Transpirasiya isə yaşıl hissələrdə temperaturu azaldır. Buxarlanma nəticəsində, xüsusilə küləkli havalarda torpağın səthi sərin olur. Beləliklə, bitkinin yaşamasında istilik rejimi daxil olan və xaric olan istilik balansıdır. Mühitin temperaturu torpağın istilik saxlama və istilik keçirməsi ilə əlaqədardır. Su hövzələrinin böyük miqdarda istilik saxlaması temperaturu nizamlayır. Su hövzələri yaxınlığındakı əkinlərdə yazda temperaturun kəskin azalması, qışda ciddi soyuma müşahidə olunur, yayda temperatur təqribən eyni səviyyədə qalır (kəskin artmır). |