Bitkilər karbon qazından fotosintez prosesində istifadə edir. Ona görə də karbon qazı da ekoloji amil kimi qiymətləndirilir. Bitkidə karbon qazı yarpağın ağızcıqları vasitəsilə havadan alınır. Havada 0,03% karbon qazı var. Günəş şüasının təsirindən xlorofildəki karbon qazı oksigenə və karbona parçalanır. Karbon qazı su ilə birləşərək şəkərə və yaxud nişastaya çevrilir. Yayda günorta vaxtı küləksiz havada bitkidə karbon qazının miqdarı 0,03%-dən, 0, 02%-ə enir. Bitkidə karbon qazının mənbəyini artırmaq üçün torpaqda mikrobioloji proseslərin gücləndirilməsi (yəni mikroorqanizmlər torpaqda üzvü maddələri parçalamaqla ayrılan karbon qazı hesabına) lazım gəlir. Bu zaman torpaqdan ayrılan karbon qazı yarpaqların ətrafına toplanır və assimilyasiyaya (fotosintez prosesinə) şərait yaradır. İri su hövzələrinin, dənizlərin, çayların, göllərin sahillərində yerləşən əkin sahələri karbon qazı ilə yaxşı təmin edilir (külək karbon qazını sahilə qovur). Havada karbon qazının çox olmasının fotosintez prosesinə təsiri təcrübələrlə öyrənilmişdir və məlum olmuşdur ki, havada karbon qazının miqdarı 3%-ə qədər olduqda, onun fotosintezə təsiri çoxalır, lakin 3%-dən çox olduqda, onun mənfi təsiri müşahidə edilir. Məşhur tərəvəzçi alim Edelşteynə görə, torpaq 15 sm dərinlikdə yumşaldıqda buradan çıxan karbon qazının miqdarı 6 sm dərinlikdə yumşaldıqda alınan miqdardan 1,3-2 dəfə çox olur. Əkin sahələrində CO2 ehtiyatını artırmaq üçün torpağa kifayət qədər çürümüş peyin və kompost verilməlidir. Torpaq tez-tez yumşaldılmalıdır. Torpağa verilmiş üzvi gübrələr mikroorqanizmlər vasitəsilə tədricən parçalanaraq karbon qazı, su və mineral maddələrə çevrilir. Su, mineral maddələr və karbon qazının bir qismi yenidən bitki tərəfindən istifadə olunur və torpaq becərilərkən karbon qazının bir qismi ayrılıb havaya uçaraq havanın aşağı təbəqəsini karbon qazı ilə zənginləşdirir.