Üzvi maddələrlə zəngin torpaqlarda, anaerob (havasız) şəraitdə oksigen oksidləşməmiş (parçalanmayan)
məhsulların tərkibində yığılıb qalır və oksigen çatışmazlığı, yəni havasızlıq baş verir və bu da köklərin
böyüməsinə mənfi təsir göstərir.
2.2.6.
Torpaq və qida maddələri
Ekoloji amil kimi torpaq bitki üçün çox əhəmiyyətlidir. Kök sisteminin əsas kütləsinin yerləşdiyi torpaq
qatının fiziki-kimyəvi xüsusiyyətləri köklərin inkişafı üçün əlverişli olmalıdır. Tipindən, fiziki-kimyəvi
xüsusiyyətindən və tərkibindəki qida maddələrindən asılı olaraq, torpaq bitkinin inkişafına təsir göstərir.
Əsas qida elementləri və mikroelementlər torpaqdan köklər vasitəsilə ilə alınır. Oksigen və hidrogen
torpaqdan su halında alınır, həmçinin yarpaqlar vasitəsilə də daxil olur.
Yarpaqlar havadan lazım olan qazları aldığı kimi, əksər qida maddələrini də havadan ala bilir, ancaq havanın
azotundan istifadə edə bilmir. Yarpaqlar vasitəsilə udula bilməyən qida maddələri köklər vasitəsilə
torpaqdan udulur. Ötürücü yollar vasitəsilə onlar maddələr və boy nöqtəsi əmələ gələn yerə - yarpağa
çatdırılır. Beləliklə, torpağı əsas qida maddələrinin daşıyıcısı və saxlayıcısı kimi hesab etmək lazımdır.
Köklər nə qədər torpağın əhatəli sahələrinə gedə bilirsə, bir o qədər də artıq qida maddələri toplaya bilir.
Bu proses torpağın normal nəmliyində daha intensiv gedir.
Qida elementləri dedikdə - bitkinin böyüməsi və inkişafı üçün lazım olan (əvəzedilməz) elementlər nəzərdə
tutulur. Qidalanmada bir element iştirak etmədikdə və yaxud onun miqdarı lazımi qədər olmadıqda bitkinin
vegetativ və generativ orqanların böyüməsində və inkişafında ciddi dəyişkənlik baş verir. Bitki torpaqdan
çoxsaylı elementlər çıxarır. Bunlardan 15-i yaşıl bitkinin böyüməsinə və məhsul verməsinə çox vacibdir
(karbon, hidrogen, oksigen, azot, fosfor, kalium, kükürd, dəmir, kalsium, maqnezium, bor, manqan, mis, sink
və molibden). Bunlardan ilk onu bitki tərəfindən daha çox mənimsədiyinə görə onlar əsas (makro) elementlər
adlanır. Qalan elementlər - manqan, bor, molibden, mis, sink, kobalt, yod, flor bitkilərə çox az miqdarda
lazımdır. Bu elementlər mikroelementlər adlandırılmışdır.
2.3.
İqlim və heyvandarlıq
Heyvandarlıq kənd təsərrüfatının ən mühüm və çətin sahələrindən biridir. İnsanların ərzaq məhsullarına olan
tələbatını nəzərə alaraq bu sahə xüsusi diqqət tələb edir. Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalı
ilə (ət, süd, yun, yumurta və s.) ən qədim zamanlardan məşğul olurlar.
Məlumdur ki, heyvandarlığın inkişafı və məhsuldarlığın yüksəldilməsi üçün əsas vəzifələrə heyvanların cins
tərkibinin yaxşılaşdırılması, tükənməz yem bazasının yaradılması və əlverişli bəslənmə şəraitinin
yaradılması daxildir. Bu vəzifələrin hər birinə ayrı-ayrılıqda nəzər salsaq, aydın olar ki, hər bir vəzifəni
yerinə yerinə yetirmək üçün nəzərdə tutulan fəaliyyətlər həmin zonanın şəraitinə uyğun aparılmalıdır.
Məsələn, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə xaricdən gətirilən inəklər gətirildiyi
yerin iqlim şəraitinə uyğun olmalıdır. Bununla yanaşı, heyvandarlıqda tükənməz yem bazasının yaradılması
üçün əlverişli torpaq- iqlim şəraiti mövcud olmalıdır. Deməli, bitkiçilik sahəsi kimi heyvandarlıq sahəsinin
inkişafında da iqlimin rolu böyükdür.