- Suvarmaların düzgün təşkil olunmaması və
normadan artıq suvarmalar nəticəsində torpaqların
eroziyası (yuyulma) və şoranlaşma (şum qatında və
torpaq səthində duzların əmələ gəlməsi) baş verir və
landşaft (bitki örtüyü) məhv olur, süni səhralaşma
yaranır (şəkil 3.4); - Gətirilmə (introduksiya) heyvan və bitki növlərinin yerli növləri sıxışdırması və onların itməsi. Məsələn, ölkəyə gətirilən yeni bitki sortunun daha çox yayılması hesabına yerli sortlar sıradan çıxır. Bundan başqa, geni dəyişilmiş yeni bitki sortları yerli sortlarla çarpazlaşdıqda, yerli sortların özünəməxsus xüsusiyyətləri dəyişir, bu da sortların və onların aid olduğu növlərin itməsinə səbəb olur; - Sənayenin kimyəvi tullantılarının ətrafa axıdılması, əkinçilikdə kimyəvi maddələrdən normadan artıq istifadə edilməsi nəticəsində torpaqların münbitliyini azalır, bitki örtüyü seyrəkləşir və heyvanat aləmi məhv olur; - Əkinçilikdə növbəli əkinə əməl olunmaması və bir bitkinin eyni tarlada davamlı olaraq əkilməsi (monokultura) nəticəsində torpağın münbitliyi pisləşir, tarlada həmin bitkiyə xas olan alaq otları, xəstəlik və zərərverici orqanizmlər artır. Belə olan halda mühitdə eyni növ alaq otları, həşəratlar (zərərvericilər) və xəstəlik törədici orqanizmlər inkişaf edir, onların antaqonisti (əksi, təbii düşməni və s.) olan növlər isə məhv olur. Bu zaman mühitdə canlı orqanizmlər birtərəfli inkişaf edir, bioloji tarazlıq pozulur. 3.2.2. Təbiətdə maddələrin və enerjinin dövranı Yer üzərində həyat başlanan vaxtdan etibarən həyat amillərinin (su, işıq, istilik, hava, qida maddələri) orqanizmlərin fəaliyyəti ilə bu və ya digər şəkildə təbiətdə dövranı baş verir. Üzvi maddələrin əmələ gəlməsi və parçalanması, üzvi və qeyri-üzvi maddələrin toplanması və itməsi, mineralların parçalanması və yeni mineral birləşmələrin əmələ gəlməsi, rütubətin torpağa daxil olması, onun transpirasiya və buxarlanma yolu ilə atmosferə qayıtması, günəş şüasının udulması, torpağın isinməsi və soyuması və s. proseslər nəticəsində həyat əhəmiyyətli elementlər bu və ya digər şəkildə təbii dövrana uğrayırlar. |