Torpaq səthinə düşən bu töküntülər tədricən çürüyüb parçalanır və qalın üzvi kütlə (meşə
döşənəyi) əmələ gətirir. Respublikamız az meşəli olub, ərazisinin yalnız 10 faizi meşə
ilə örtülüdür. Lakin meşələrimiz ağac, kol və heyvan növləri ilə olduqca zəngindir.
Burada 450-dən çox yabanı ağac və kol növü bitir. Onların 70-i endem növləri olub
respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir.
4.2.2. İndikator bitkilər
İndikator bitkilər müəyyən mühit şəraitinə uyğunlaşan olub, öz inkişafı və yayılması
ilə həmin mühit şəraitinin göstəricisi hesab olunur. İndikator bitkilər onlar üçün
xarakterik olan mühitdə bitir və yayılırlar. İndikator bitkilərin yayıldığı ərazilərdə
onların xüsusiyyətlərinə uyğun olaraq, həmin mühit haqqında, torpaq şəraitinə dair
proqnoz vermək mümkündür. Yəni indikator bitkilər onların inkişaf etdiyi torpaqiqlim
şəraitinin göstəricisidir. Bunun üçün indikator bitkilərin bioloji xüsusiyyətlərini
bilmək lazımdır. Məsələn, bənövşə sink elementinə olduqca tələbkardır. Yəni
müəyyən ərazidə bənövşənin yayılması onu göstərir ki, həmin torpaqda kifayət qədər
sink var
Biz indikator bitkilər haqqında müəyyən biliyə malik olmaqla onların yayıldığı
ərazilərdə bizə lazım olan qida elementlərinin ehtiyatının müəyyən edilməsi və
onlardan istifadə olunması kimi imkanlara malik ola bilərik. Bundan başqa, indikator
bitkilərin köməyi ilə həmin torpaqların su-fiziki xassələrinin (sıxlığı, nəmliyi, su
sızdırma qabiliyyəti) vəziyyəti, ərazinin quraq və ya rütubətli-bataqlıq olması, qrunt
sularının səthə yaxın olub-olmaması haqqında əvvəlcədən təsəvvür əldə etmək
və məlumatlar toplamaq mümkün olur. Həmin məlumatlar əsasında biz ərazinin
əkinçilik üçün yararlı olub olmamasını, həmin torpağa uyğun bitkilərin seçilməsini
və təsərrüfatın gələcək inkişaf planını müəyyənləşdirə bilərik. Ümumiyyətlə, indikator
bitkilərin tərkib hissəsini, mədəni bitkilərdən çox, əkin sahələrində daha çox rast
gəlinən və yabanı halda bitən alaq otları təşkil edir. Bu qrupdan olan alaq otlarının
bəziləri haqqında, onların adları və əsas indikator göstəriciləri cədvəldə qeyd
olunmuşdur.