Siz torpaqdan səmərəli
istifadə olunması, onun
münbitliyinin bərpası,
qorunub saxlanılması və yaxşılaşdırılmasına dair bilik və bacarıqlar əldə edəcəksiniz. |
Torpağın daimi münbitliyi davamlı kənd
təsərrüfatının əsasıdır. Bu fikrə nəzər saldıqda, aydın
olur ki, bu gün ölkəmizin davamlı kənd təsərrüfatına
nail olması torpaqların münbitliyinin qorunmasından
və yaxşılaşdırılmasından asılıdır.
Müasir dayanıqlı əkinçiliyin əsas vəzifəsi az xərc çəkməklə və zəhərli kimyəvi maddələr tətbiq etmədən, mümkün qədər təbii ekosistemə uyğun olan, üzvü- bioloji yollarla torpaqların münbitliyinin bərpa etmək və yüksəltmək, təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji-təmiz məhsul istehsal etməkdən ibarətdir. Müasir dövrün özəl təsərrüfatçılıq şəraitində fermerlərin üzərinə daha mühüm vəzifələr düşür. Fermerlər hər şeydən öncə mülkiyyətçisi olduğu torpaqların münbitliyinin qorunub saxlanmasına və zaman-zaman yararsız torpaqların yenidən istifadəyə qaytarılmasına, tədricən onun bərpa olunmasına hərtərəfli qayğı göstərməlidirlər. Torpaq becərmələrinin düzgün aparılmaması, növbəli əkindən istifadə olunmaması, əsaslandırılmamış aqrotexnologiyaların tətbiqi, torpağa mineral və üzvü gübrələr vermədən fasiləsiz olaraq istifadə olunması, eroziya və şoranlaşmaya qarşı aqromeliorativ tədbirlərin vaxtında aparılmaması və digər antropogen təsirlər nəticəsində torpağın münbitliyi pozulur, onun deqradasiyası baş verir və torpaq kənd təsərrüfatına yararsız hala düşür. 5.1 Torpağın münbitliyi və onun əsas göstəriciləri 5.1.1. Torpağın münbitliyi Torpaq kənd təsərrüfatında əsas və əvəzolunmaz istehsal vasitəsidir. Torpağın digər istehsal vasitələrindən fərqli, qeyri adi xüsusiyyətləri var. |