Belə ki, bütün istehsal vasitələri əməyin məhsuludursa, torpaq isə təbiətin məhsuludur. Bundan başqa,
digər istehsal vasitələri istifadə olunduqca köhnəlir və öz dəyərini itirərək istehsal
prosesindən çıxırsa, torpaq isə daimi istehsal vasitəsi olub, düzgün istifadə edildikdə
öz münbitliyini və məhsuldarlığını artırır. Torpaq – bitki və heyvan orqanizmlərinin,
iqlimin, relyefin, ana süxurların və insanların istehsalat fəaliyyətinin uzun müddət
birgə təsiri ilə əmələ gələn yerin üst yumşaq hissəsidir. Bəzi halda yerin üst qatında
yerləşən məsaməli material torpaq adlandırılır. Torpaq-bitkini qida maddələri və
rütubətlə təmin edən əsas mənbədir.
Torpağın münbitliyi onun bitkiləri lazım olan miqdarda qida elementləri, su və hava
ilə təmin etmək qabiliyyətinə deyilir. Münbit torpaqlar çürüntü maddələri (humus)
ilə zəngin olduğundan onların rəngi tünd olur. Belə torpaqlar dənəvər (strukturalı)
quruluşa malik olmaqla onların su-hava rejimi bitkilər üçün əlverişli olur (şəkil 5.1).
Münbit torpaqların sıxlığı (həcm kütləsi) normal olub, onlar suyu və havanı yaxşı
keçirir və bitki köklərinin inkişafı üçün əlverişli şərait yaranır. Qeyri-münbit torpaqlar
isə strukturasız olur, qida maddələri ilə zəif təmin olunmuşlar, sıx quruluşa
malikdirlər, onların su-hava rejimi pis vəziyyətdə olur və bu torpaqlarda bitki kökləri
zəif inkişaf edir.
Torpağın münbitliyi təbii və süni münbitliyə ayrılır. Süni münbitlik insanın torpağa
təsiri nəticəsində əmələ gələn münbitliyə deyilir. Təbii münbitlik torpaq əmələgəlməsi
prosesinin təbii gedişi nəticəsində yaranmış münbitliyə deyilir. Təbii münbitlik bioloji
prosesdir. O, yaşıl bitkilər, mikroorqanizmlər, torpaq heyvanları, iqlim və s.
nəticəsində əmələ gəlir. Bitkilər torpağın üst hissəsini mexaniki möhkəmlədir və onu
eroziyadan qoruyur. Qeyd olunan ünsürlərin iştirakı ilə torpaqda təbii münbitlik belə
gedir. Bitkinin kökü kövşək torpaq əmələgətirən süxurun dərinliyinə işləyir. Onda
olan kalsium, maqnezium, fosfor və s. qida maddələrini udur və köklərin maksimal
yayıldığı zonaya, yəni yerüstü hissəyə ötürülür. Bitkilər məhv olub, mikroorqanizmlər
tərəfindən parçalananda əmələ gəlmiş kül elementlərinin bir hissəsi yuyularaq aşağı
qatlara aparılır, qalanı isə süxurun üst hissəsində toplanıb qalır. “Üzvi qalıqlar: köklər,
yerüstü ot kütləsi və ya meşə xəzəli parçalananda mürəkkəb üzvi birləşmələr kompleksi
əmələ gəlir ki, buna çürüntü və ya humus deyilir. Humus torpağın üst hissəsində
toplaşaraq ona tünd rəng və ya yeni xassələr verir. Nəticədə, süxur yeni xassə olan
münbitlik qazanır”.
5.1.2. Torpağın münbitliyinin əsas göstəricilər
Torpaq münbitliyinin göstəriciləri – bioloji, aqrokimyəvi və aqrofiziki göstəricilərdən
ibarətdir.
Münbitliyin bioloji göstəricilərinə torpaqda olan üzvi maddələrin miqdarı və tərkibi,
torpaq biotası və torpağın fitosanitar vəziyyəti aid edilir.
Torpaq biotası – torpaqda üzvi maddələrin toplanmasında mühüm rol oynayır. Torpaq
biotasının tərkib hissəsi canlı orqanizmlərdən ibarət olmaqla, onun ümumi kütləsi
hektarda 6-10 tona çatır. Torpaq biotasını təşkil edən canlılar mikroorqanizmlərə (xeyirli
bakteriyalar, göbələklər, yosunlar, aktinomisetlər və s.) və mikroorqanizmlərə
(müxtəlif həşəratlar, yağış qurdları, soxulcanlar və s.).