İlişkənliyi çox olan torpaqlar çətin becərilir və kəltən əmələ gətirir, burada bitki
köklərinin və suyun torpağa daxil olması çətinləşir. Mexaniki tərkibinə görə ağır,
struktursuz, birvalentli kationlarla doymuş torpaqlar, yüngül, strukturlu, kalsium və
maqneziumla doymuş torpaqlara nisbətən daha ilişkən olur. Torpağın ilişkənliyi, üzvi
maddənin miqdarından və torpağın nəmlənmə dərəcəsindən asılıdır.
Rütubətli halda kənd təsərrüfatı alətlərinə və digər əşyalara yapışma qabiliyyəti torpağın
yapışqanlığı adlanır. Yapışqanlıq torpağın xüsusi müqavimətini artırır və becərmələri
çətinləşdirir. Müxtəlif qranulometrik tərkibli torpaqlar yapışqanlılıq qabiliyyətinə görə
fərqlənirlər. Torpaq kapillyar su tutumu həddində daha çox yapışqanlıq qabiliyyətinə
malikdir. Qumlu və qumsal torpaqlara nisbətən, gilli və gillicəli torpaqlarda yapışqanlıq
yüksək olur.
Şişmə – nəmlənmə zamanı torpağın öz həcmini artırması qabiliyyətinə deyilir. Torpaq
quruduqda onun həcmi kiçilir, rütubətlənən zaman isə həcmini böyüdür. Torpağın
şişməsi onun qranulometrik tərkibindən, üzvi maddənin miqdarından və udulmuş
kationların növündən asılıdır. Ağır torpaqlar, xüsusilə birvalentli kationlarla doymuş
olduqda onun şişmə qabiliyyəti, yüngül və ikivalentli kationla doymuş torpaqlara
nisbətən artıq olur. Rütubətlənmə və quruma zamanı torpağın həcmini müvafiq qaydada
artırıb azaltması çatlar əmələ gəlməsinə və bitki köklərinin qırılmasına səbəb olur.
Fiziki yetişkənlik torpağın müəyyən nəmlikdə daha yaxşı xırdalanmasıdır. Ona görə
torpağın becərilmə müddəti onun fiziki yetişkənlik vəziyyətinə görə müəyyən edilir.
Bioloji yetişkənlik torpaqda mikrobioloji proseslərin fəal getdiyi halına deyilir. Bioloji
yetişkən torpaqlarda qida maddələrinin miqdarı çox olur. Bioloji yetişkən torpaqlarda
üzvi maddələrin intensiv parçalanması getdiyinə görə torpaqda karbon qazının miqdarı
artır və becərmə zamanı torpaqda spesifik qoxu əmələ gəlir.
Torpağın aqrofiziki xüsusiyyətlərinə onun xüsusi çəkisi, həcm kütləsi, məsaməliliyi,
əkin qatının quruluşu və strukturalığı daxildir.
Torpağın xüsusi çəkisi. Torpağın bərk fazasının mütləq quru halda, vahid həcmdə olan
çəkisi, torpağın xüsusi çəkisi adlanır. Torpağın xüsusi çəkisi nisbətən sabit göstərici olmaqla
2,5-2,7q/sm3 təşkil edir.
Torpağın həcm kütləsi. Təbii quruluşu pozulmamış halda, vahid həcmdə torpağın
mütləq quru çəkisinə onun həcm kütləsi və ya sıxlığı deyilir. Torpağın həcm kütləsi və
ya orta kipliyi onun qranulometrik (mexaniki) tərkibindən, mineral və üzvi maddələrin
miqdarından, torpağın quruluşundan və struktur vəziyyətindən asılıdır. Torpağın həcm
kütləsi, bitkilərin inkişafına bilavasitə təsir göstərən əsas fiziki xüsusiyyətdir və müxtəlif
amillərin təsiri ilə daha tez dəyişir. Torpağın həcm kütləsi 1,15 q/sm3-ədək olduqda
yumşaq, 1,15-1,35 q/sm3 kip və 1,35 q/sm3- dən yüksək olduqda çox kip torpaq hesab
edilir. Optimal həcm kütlə bitkinin növündən asılı olaraq dəyişir. Əksər kənd təsərrüfatı
bitkiləri üçün torpağın həcm kütləsi 1,1-1,3 qr/sm3 olmaqla optimal sayılır. Torpağın həcm
kütləsinin və ya orta kipliyinin optimal səviyyədə saxlanılması əkinçiliyin, o cümlədən
torpaq becərmənin qarşısında duran əsas vəzifədir. Adi dəmir gilizlər vasitəsilə (vahid
həcmə düşən quru torpağın çəkini təyin etməklə) və ya penetrometr cihazından
istifadə etməklə (torpağa təzyiq etməklə vahid sayə düşən qüvvə kq-la) torpağın sıxlığını müəyyən etmək
olar
(şəkil 5.3).