xeyli azalır və qarğıdalının kökü torpaqda daha çox kök kütləsi toplayaraq onun
məsaməliliyini artırır. Bu üstünlüklər ondan sonra növbələşən taxılın məhsuldarlığına
müsbət təsir göstərir.
Növbəli əkin sistemi nə qədər səmərəli olsa da, burada düzgün torpaq becərmələri
həyata keçirilməsə, o, öz aqrotexniki əhəmiyyətini itirir. Torpaq becərmələri növbəli
əkin sisteminin ayrılmaz bir hissəsidir.
5.2.2. Torpağın becərilməsi və onun torpağın münbitliyinin yaxşılaşmasında
rolu
Əgər torpaq düzgün becərilərsə, o, daha da yaxşılaşır. Torpağın becərilməsi bitkilərin
yeraltı və yerüstü kütləsinin inkişafına şərait yaratmaqla əkinçiliyin əsasını təşkil edir.
Torpağın becərilməsi onun su, hava, istilik və qida rejimlərini istiqamətli dəyişməklə,
bitkilərin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədi ilə istifadə edilən maşın və
alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki təsirdən ibarətdir.
Torpağın münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının yüksəldilməsi üzrə yerinə yetirilən aqrotexniki tədbirlər içərisində
düzgün aparılan mexaniki becərmələr xüsusi yer tutur. Torpağı becərən zaman onun
xırdalanması, yumşaldılması və bərkidilməsi nəticəsində onun bərk fazası ilə kapillyar
və qeyri-kapillyar məsamələri arasında lazım olan nisbət yaradılır.
Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsindən asılı olaraq, torpağın becərilməsi həm
əkin qatında, həm də istənilən qatda aparıla bilər. Torpağın becərilməsinin qarşısında
aşağıdakı məsələlər durur:
1. Bitkilər üçün əlverişli su, hava, istilik və qida rejimləri yaratmaq məqsədilə əkin
qatının quruluşunu və struktur vəziyyətini dəyişdirmək;
2. Torpağın nisbətən dərin qatlarında olan qida maddələrindən ardıcıl istifadə etmək,
torpağa verilən gübrələrin müxtəlif dərinliyə basdırılması nəticəsində qida rejimini
yaxşılaşdırmaq və faydalı mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirməklə
mikrobioloji proseslərə lazımi istiqamət vermək;
3. Kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq
bitkilərinin məhv edilməsi;
4. Bitki qalıqlarını və gübrəni torpağa basdırmaq;
5. Torpağı su və külək eroziyasından qorumaq;
6. Xam və dincə qoyulmuş torpaqları becərərkən çoxillik otların məhv edilməsi;
7. Mədəni bitki toxumlarının optimal dərinliyə basdırılmasına şərait yaratmaq;
8. Şırım açma, tirə və ləklər düzəltmə və s. yolu ilə əlverişli mikrorelyef yaratmaq.
Torpağın becərilməsi, istifadə olunan maşın və alətlərin işçi orqanlarının torpağa
göstərdiyi mexaniki təsirdən ibarətdir. Bu zaman müxtəlif texnoloji əməliyyatlar yerinə
yetirilir.
Torpaq becərən maşın və alətlərdən istifadə etməklə əkin qatının quruluşunun birtərəfli
dəyişdirilməsi torpağın becərilmə qaydası adlanır.