1.2. Əsas qida elementləri və bitkilərin qidalanmasında onların rolu
Qida elementləri dedikdə bitkinin böyüməsi və inkişafı üçün lazım olan (əvəzedilməz) elementlər nəzərdə tutulur. Qidalanmada bir element iştirak etmədikdə və yaxud onun miqdarı lazımi qədər olmadıqda bitkinin vegetativ və generativ orqanların böyüməsində və inkişafında ciddi dəyişkənlik baş verir. Həmin elementin bitkiyə xüsusi təsiri vardır, belə ki, bu elementi bitkiyə verdikdə baş vermiş ciddi dəyişkənlik aradan qalxır. Bundan başqa, həmin element o vaxt qida elementi hesab edilə bilər ki, o maddələr mübadiləsində iştirak edə bilsin.
Bitki toxumalarının kimyəvi analizi göstərir ki, bitki torpaqdan çoxsaylı elementlər çıxarır. Bunlardan 15-i yaşıl bitkinin böyüməsinə və məhsul verməsinə çox vacibdir (karbon, hidrogen, oksigen, azot, fosfor, kalium, kükürd, dəmir, kalsium, maqnezium, bor, manqan, mis, sink və molibden). Bunlardan ilk onu bitki tərəfindən daha çox mənimsənildiyinə görə onlar əsas elementlər adlanır. C.Uinkler əsas qida elementlərinin 15-ə bərabər olduğunu qeyd edirdisə, alman mənbələrində bunların siyahısına xlor da əlavə olunur.
Təbiətdə maddələrin iki cür dövranı vardır: 1)böyük, yaxud geoloji, maddələrin bu dövranı quru ilə okean arasında baş verir; 2)kiçik, yaxud bioloji, bu dövran torpaq ilə bitki arasında əmələ gəlir. Bioloji dövran dedikdə maddə və elementlərin torpaq və atmosferdən canlı orqanizmə daxil olması, bioloji sintez nəticəsində yeni mürəkkəb maddələrin alınması, maddə və elementlərin yenidən xarici mühitə (torpaq və atmosferə) qaytarılması başa düşülür. Bu dövranda dövri olaraq torpağa qida maddələri daxil olur. Lakin mədəni bitkilər çox məhsul verdiyinə görə təbii şəkildə toplanan qida maddələri azlıq edir. Bu baxımdan torpağın effektiv münbitliyini süni yolla artırmaq və bitkilərin qida maddələrinə olan tələbatını ödəmək məqsədilə mineral və üzvü gübrələrdən istifadə olunması zəruridir.
1.2.1. Makroelementlər
Azot. Bütün bitkilər üçün azotun əhəmiyyəti birinci növbədə onunla izah edilir ki, o, zülalın tərkibinə daxildir. Zülalsız isə həyat yoxdur. Zülalın mürəkkəb molekullu müxtəlif amin turşularından ibarətdir. Zülalın 16-18%-ni azot təşkil edir. Bitkinin quru qalığının isə 1,5%-i azotun payına düşür. Bunlardan başqa, azot nuklein turşularının tərkibinə: fosfatidə və xlorofilə daxildir.
Bitkinin vegetativ orqanlarının (gövdə, yarpaq, zoğ, budaq və s.) və meyvələrin inkişafının başlanğıcında azota böyük ehtiyac var.