Məsələn, pomidor bitkisinin yarpağında manqan çatışmazlığının əsas əlaməti yarpaqların saplaq hissədən qıvrılması ilə müşahidə olunur (şəkil 1.9). Manqan elementi bozqır və şoran torpaqlarda çatışmır. Manqan çiçəyin tökulməsini azaldır.
Mis. Bu element oksidləşdirici fermentlərə, məsələn, polifenoloksidazaya daxil olur. Mis, həmçinin B qrupu vitaminləri aktivləşdirir. Misin çatışmaması zülalların sintezini azaldır. Pomidor bitkisində mis çatışmadıqda yarpaqlar qıvrılır, nazikləşir və buna el arasında yarpaqların iynələşməsi də deyilir (şəkil 1.9.)
Molibden. Bu element bitkilərdə zülali maddələrin sintezində və mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. O, bitkidə nitrat azotunu ammonyaka qədər bərpa edir. Molibden çatışmazlığından nitratların bərpa olunma prosesi ləngiyir və toxumalarda toplanıb qalır. Bu qalıq sonralar zülalların mübadilə prosesini pozduğuna görə bitkinin böyüməsi ləngiyir. Müəyyən olunmuşdur ki, atmosfer azotunun sərbəst yaşayan bakteriyalarla əlaqələndirilməsi prosesində vacib rol oynayır. Pomidor bitkisinin yarpağında molibden çatışmazlığının əsas əlamətləri yarpağın saplaq nahiyəsindən başlayaraq damarlar arası və damarlar boyunca saralmaların əmələ gəlməsidir. Sonra yarpaqlarda qəhvəyi-qonur ləkələr formalaşır (şəkil 1.9). Turş mühitli torpaqlarda bitkilərin molibdenə ehtiyacı tez hiss olunur.
Kobalt. Bu element əhəngli və karbonatlı torpaqlarda azdır. Torpaqda kobaltın azacıq miqdarı paxlalı bitkilərin kökündə olan fır bakteriyalarının fəaliyyətini gücləndirir. Kobalt bitkilərdə transpirasiyanın fəallığını artırır. Kobalt B12 vitamininin tərkibinə daxildir. Bitkilərdə kobaltın miqdarı çox cüzi olub, 1 kq quru maddədə 0,2-0,6 mq təşkil edir. Başqa mikroelementlər kimi (molibdendən başqa) torpaq mühitinin reaksiyası turşulaşdıqca onun bitkilərə daxil olması güclənir. Əksər kənd təsərrüfatı bitkiləri üçün torpaq məhlulunda kobaltın optimal dozası çox kiçik olub, 1 litrdə 0.06 mq təşkil edir.
Sərbəst iş üçün tapşırıqlar