2. Mineral gübrələr
Mədəni bitkilərin məhsuldarlığı nə qədər çox olarsa, onlar torpaqdan daha çox qida maddələri mənimsəyirlər. Bu baxımdan mədəni bitkilər torpağın münbitliyinə daha çox tələbkardırlar. Torpağın təbii münbitliyi şəraitində kənd təsərrüfatı bitkilərinin qida maddələrinə tələbatını tam ödəmək mümkün deyil. Ona görə də torpağın effektiv münbitliyini süni yolla artırmaq və bitkilərin qida maddələrinə olan tələbatını ödəmək məqsədilə mineral gübrələrdən istifadə olunması əhəmiyyətlidir. Məhsuldarlığı yüksəltmək üçün tərkibində bitkilərə lazım olan qida elementləri olan duzlara mineral gübrələr deyilir. Mineral gübrələr, əsasən, sadə və mürəkkəb gübrələrə bölünür.
2.1. Sadə mineral gübrələr
Sadə mineral gübrələr tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən biri olan gübrələrə deyilir.
2.1.1. Azotlu gübrələr
Əsas sadə azotlu mineral gübrələrə ammonium şorası, ammonium-sulfat, natrium və kalsium şoraları, sidik cövhəri və ammonyaklı su daxildir.
Ammonium şorası (ammonium-nitrat) - yüksək konsentrasiyalı zəif turş mühitli gübrələrdir, tərkibində 34-35% ammonyak və nitrat formasında azot var. Dənəvər şəkildə yaxşı səpilir (şəkil 2.1). Şorada azotun yarısı (nitrat formalı) tez həll olduğuna görə onun yazda verilməsi məsləhətdir. Ammonium şəklində olan azot torpaqda udulur, nitratlar isə udula bilmədiyindən torpaqda aşağı və yuxarı qatlara hərəkət edir.
Şəkil 2.1. Sadə azotlu gübrələr