Qumlu və az karbonatlı torpaqlara isə payızda verilməlidir.
Superfosfatı torpağa verdikdə torpaq ilə qarşılıqlı reaksiyaya girərək çətin həll olan, yaxud suda həll olmayan və bitki tərəfindən az mənimsənilə bilən hala keçir. Ona görə də superfosfatın və digər yaxşı həll olan fosfor gübrələrinin səmərəliliyi onun torpaq tərəfindən udulması və torpaqda çətin həll olunan birləşmə şəklinə keçməsi intensivliyindən asılıdır.
İkiqat superfosfat - hal-hazırda istehsal olunur. Prof. R.Q.Hüseynovun təcrübələrinə görə superfosfat torpağa toz şəkilində verildikdə bitkilər onun ancaq 10- 20%-ni istifadə edə bilir. Bitkilərin superfosfatdan belə az istifadə etmələrinin səbəbi torpaqda gedən fiziki, kimyəvi və bioloji proseslərdir. Torpaqda gedən bioloji proseslərdə fosfor mikroorqanizmlər tərəfindən udularaq üzvi fosfor birləşmələrinə çevrilir.
Torpağa verilmiş superfosfat gübrəsinin fosfor turşusu suda asan həll ola bilməyən hala keçdiyindən, torpağın aşağı-yuxarı qatlarına hərəkət edə bilmir. Ona görə də torpağa səpilən fosfor verildiyi yerdə udulub orada qalır. Bu baxımdan toz halında səpilən superfosfat torpaqda verildiyi qatda istifadəsiz qalır, bitkinin kökü isə qida axtarmaq üçün aşağı qatlara hərəkət edir. Bunun qarşısını almaq üçün məsləhət görülən tədbirlərdən ən əhəmiyyətlisi toz halında olan superfosfatı dənəvərləşdirməkdir (şəkil 2.2). Dənəvər iki superfosfatın üstünlüklərindən biri onun torpaq nəmliyindən tədricən, səthdən başlayaraq əriməsidir. Dənələr yavaş-yavaş əridikcə bitkilər həll olmuş fosfordan istifadə edir. İkiqat superfosfatın tərkibində 45-50% fosfor turşusu var.
Fosforit unu - narın üyüdülmüş fosforitdir. Fosforit unu fosfor gübrələri içərisində ən ucuz başa gələndir. İstehsal olunmasına və istifadəsinə görə superfosfatdan sonra ikinci yeri tutur. Fosforit unu turş podzollu və torflu, boz-meşə və yuyulmuş qara, həmçinin qırmızı torpaqlara verilir.
Tomasşlak - fosfor gübrəsi olmaqla, tərkibində fosfor olan, çuqundan dəmir və polad hazırlanan zaman aralıq məhsul kimi alınır. Tomasşlakın bir gübrə kimi əsas xassəsi onun tərkibində olan fosforun zəif turşularda - limon turşusunda, sirkə turşusunda və karbon qazı ilə doymuş suda həll olmasıdır.
Tomasşlak gübrəsini bütün torpaqlara vermək olar, ancaq müxtəlif torpaqlarda onun səmərəliliyi müxtəlifdir. Qara və karbonatlı torpaqlarda tomasşlakın səmərəsi superfosfatdan geri qalır. Tomasşlak gübrəsinin neytrallaşdırma xassəsi olduğuna görə onun fizioloji turş azot gübrələri ilə birlikdə verilməsinin böyük əhəmiyyəti var. Tomasşlakın tərkibində 14% fosfor turşusu olur.