Külün çox əhəmiyyətli hissəsi onda olan mikroelementlərdir. Daş kömürün külündən gübrə kimi istifadə etmək olmaz.
2.1.4. Mikroelementli gübrələr
Mikrogübrələr tərkibində bor, mis, manqan, molibden və bitkilərə çox az miqdarda lazım olan başqa elementlər olan birləşmələrə deyilir. Bu gübrələri bütün torpaqlarda və bütün kənd təsərrüfatı bitkiləri üçün tətbiq etmirlər. Lakin praktikada elə hallar olur ki, onlar torpağa verilmədikdə yüksək məhsul almaq mümkün olmur. O zaman kiçik dozalarda mikrogübrələr tətbiq edirlər.
Borlu mikrogübrələr. Bor bitkilərdə az miqdarda lazımdır. Lakin torpaqda bitkilərin mənimsəyə biləcəyi formada bor çox vaxt kifayət etmir. Bornodatolit unu (CaO, B2O3, SiO2, H2O) tərkibində 1,5-2% miqdarda borat turşusu şəklində bor olur və suda həll olur. Xarici görünüşünə görə açıq-boz rəngdə tozdur. Bu gübrəni bütün üsullarla: kultivasiyadan əvvəl dağınıq üsulla səpməklə, səpin zamanı cərgələrə vermək və əlavə gübrələmə şəklində tətbiq etmək olar. Bornodatolit ununu bir bərabərdə paylanması üçün səpməzdən əvvəl onu başqa gübrələrlə qarışdırırlar. Toxum səpini ilə birlikdə tətbiq üçün isə mikrogübrənin dozasını iki dəfə azaldırlar. Səpinlə birlikdə vermək üçün dənəvərləşdirilmiş şəkildə buraxılan və tərkibində 0,17-0,34% bor və 15-18% P2O5 (adi) və ya 1-1,3% bor və 36%-ə qədər P2O5 (iki qat) olan borlu superfosfat çox yararlıdır.
Bitkilər adətən əlavə yemləmə şəklində suda tam həll olan borlu gübrələrlə gübrələnir. Bunun üçün tərkibində 17,5% bor olan borat turşusu (H3BO3), yaxud tərkibinə 11,3% bor daxil olan bor-maqnezium duzu ilə (borat turşusu və maqnezium sulfatdan ibarətdir) əlavə gübrələmə aparılır. Borun bütün xalis duzları çox bahalıdır, lakin əksər kənd təsərrüfatı bitkiləri üçün torpaqda 200 qram/ha qədər bor ehtiyatının olması kifayətdir. Əsas gübrə (şum altına) şəkilində verildikdə suda həll olmayan, lakin bitkilər tərəfindən mənimsənilə bilən bor gübrəsi kimi çökdürülmüş maqnezium boratdan istifadə etmək olar. Bu gübrənin tərkibində təqribən 1.5% bor və 19%-ə qədər maqnezium var. Bu, ağ və ya açıq boz rəngli toz şəkilli gübrədir. Bu gübrənin əksər kənd təsərrüfatı bitkiləri üçün norması 75 kq/ha qədər (təqribən 1.1 kq bor) ola bilər.
Manqanlı gübrələr. Ucuz manqan mənbəyi - manqan filizi tullantıları, manqan şlamı olub, tərkibində 9-15% manqan oksidi vardır. Xarici görünüşünə görə tünd boz və ya qara tozdur. Manqanlaşdırılmış superfosfat. Adi superfosfatı dənəvərləşdirmədən əvvəl ona 10-15% manqan şlamı əlavə edirlər. Tərkibində 18% mənimsənilə bilən P2O5 və 1,5-2,5% manqan var. Manqanlaşdırılmış superfosfatı səpin zamanı cərgələrə, çuxurlara, yuvalara, şırımlara vermək lazımdır. Bu gün təsərrüfatlarda manqanlı maye gübrə kimi Mn EDTA 13% geniş tətbiq olunur.
Mis gübrələr. Tərkibində mis olan ən çox yayılmış gübrə print yanığı - sulfat turşusu sənayesinin tullantısı olub, tərkibində 0,3-0,6% mis var. Qiymətli və tez təsir göstərən mis gübrəsi tərkibində 24,5% mis olan mis-sulfatdır (CuSO4.5 H2O).