2.1.5. Əhəngli, gipsli və maqneziumlu gübrələr
Əhəngləmə və əhəngli gübrələr. Əhəngli gübrələr torpaqda olan artıq turşuluğu ləğv etmək üçün istifadə olunur. Torpağın münbitliyi, onda baş verən kimyəvi və bioloji proseslər, əsasən, torpağın turşuluğu ilə əlaqədardır. Torpağın turşuluğu hidrogen ionları qatılığının əks loqarifmasıdır və pH kəmiyyəti ilə ifadə olunur. Əksər kənd təsərrüfatı bitkiləri və torpaq mikroorqanizmləri üçün torpağın optimal turşuluğu pH 6-7 hesab olunur. Torpağın turşuluğunun artması nəticəsində torpaq canlılarının fəaliyyəti pisləşir, üzvü maddələrin minerallaşması ləngiyir, fır bakteriyaları tərəfindən havanın sərbəst azotunun fiksasiyası prosesi zəifləyir, həmçinin ammonifikasiya və nitrifikasiya prosesləri yavaşıyır və bitkinin azotla qidalanması pisləşir. Turş torpaqlarda mineral gübrələrin tərkibində olan elementlər, xüsusilə də fosforun mütəhərrik forması torpaqda olan alüminium, manqan və dəmir oksidləri ilə birləşir, bu zaman həll olmayan və bitkilər üçün çətin mənimsənilən alüminium-fosfat və dəmir-fosfat əmələ gəlir, fosforun üzvü birləşmələrinin minerallaşması intensivliyi azalır və torpaqda bitkilər üçün fosfor çatışmazlığı yaranır.
Kəskin turş mühit yarandıqda torpaqda alüminium, manqan və dəmir birləşmələrinin mütəhərrik formaları (həll olma) artır. Torpaq məhlulunda onların çoxluğu hidrogen ionlarından çox bitkilər üçün zərərli olur. Kəskin turş mühitdə torpaq məhlullunda əmələ gələn alüminium, manqan və dəmir birləşmələrinin mütəhərrik formaları həm torpaq canlıları üçün, həm də bitkilər üçün toksik (zəhərli) hesab olunur. Belə ki, 1 litr torpaq məhlulunda 1 mq alüminium əmələ gələrsə, bu, əksər kənd təsərrüfatı bitkiləri üçün zərərlidir. Məsələn, tədqiqatlarla sübut edilmişdir ki, torpaq məhlulunda alüminiumun yüksək konsentrasiyasından ilk öncə bitkinin kökü əziyyət çəkir. Alüminiumun miqdarı çox olduqda, kök hüceyrələrinin protoplazmasının qatılığı artır, nəticədə onların keçiricilik və susaxlama qabiliyyəti azalır. Bitkiyə daxil olan alüminium, əsasən, kök sistemində toplanır, manqan isə bitki orqanlarında bərabər paylanır. Əgər alüminium və manqan bitkiyə həddən artıq daxil olarsa, bitkilərdə karbohidrat, fosfat və azot mübadiləsi pozulur. Nəticədə, bitkidə zülal maddələrinin sintezi zəifləyir, zülal və ümumi azotun miqdarı azalır, azotun qeyri-zülali formasının miqdarı isə artır.
Torpaqda turşuluğun yaranmasının əsas mənbəyi, bitki qalıqlarının parçalanması zamanı əmələ gələn turşuların miqdarının artmasıdır. Bundan başqa, torpağa fizioloji turş mineral gübrələr verdikdə torpağın şorlaşması baş verir. Bu zaman gübrənin tərkibində olan kation, torpaqda olan hidrogenlə əvəz olunur: