15) Yalnız mürəkkəb gübrələrdən ibarət düzgün sıranı seçin.
A) Superfosfat, kalium-ammonium fosfat, adi superfosfat, kalium xlorid
B) Ammonyaklaşdırılmış superfosfat, kalium-ammonium fosfat, kalium şorası, ammofos, diammofos, nitrofoska
C) Maqnezium sulfat, kalium xlorid, kalium sulfat, superfosfat,
D) Nitrofoska, kalium şorası, ammofos, diammofos, superfosfat, ikiqat superfosfat, fosforit unu
3. Mineral gübrələrin istifadə qaydaları və onlara qoyulan ekoloji tələblər
Siz bu bölmədə mineral gübrələrin istifadə qaydaları, onların torpağa verilmə müddətləri, mineral gübrə normalarının hesablanması, gübrələmə sistemi, gübrə səpən maşınlar, mineral gübrələrin istifadəsinə qoyulan ekoloji problemlər, normadan artıq mineral gübrələrin istifadəsinin ətraf mühitə və insan sağlamlığına təsiri və s. məsələlər haqqında biliklər qazanacaq və bir sıra praktik vərdişlərə yiyələnəcəksiniz. Əldə etdiyiniz bilik və bacarıqlar sizə istehsalatda uğurla çalışmağa imkan verəcək.
3.1. Mineral gübrələrin verilmə üsulları
Torpağın gübrələnməsi zamanı birinci növbədə onun aqrokimyəvi vəziyyəti və bitkinin bioloji xüsusiyyətlərinə uyğun olaraq gübrələrə olan tələbat nəzərə alınmalıdır. Torpaq analizlərinin nəticələrinə əsasən düzgün gübrə norması, gübrələrin optimal verilmə müddəti və qaydası müəyyən olunmalıdır.
Ayrı-ayrı bitki əkinlərinə verilmək üçün nəzərdə tutulan gübrələrin ümumi miqdarı bir dəfədə və ya bir neçə dəfədə müxtəlif üsullarla verilir.
Verilmə vaxtına görə gübrələr səpindən əvvəl (əsas gübrələmə), səpin vaxtı və səpindən sonra (əlavə gübrələmə) verilir.
Mineral gübrələr payızda və erkən yazda şum altına verilirsə, əsas gübrələmə, vegetasiya dövründə kiçik dozalarla verilirsə, əlavə gübrələmə (yemləmə) adlanır.
3.1.1 Əsas gübrələmə
Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən və inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək məqsədi daşıyır. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Müəyyən bitki əkini üçün nəzərdə tutulmuş gübrələrin ümumi dozasının çox hissəsi bu üsul ilə verilir. Kotanla basdırılan əsas gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir.