Zavodda hazırlanın mineral gübrə qarışıqları nəinki aqronomik tələblərə uyğundur, həm də qənaətlidir.
Gübrələrin fiziki-kimyəvi xassələrini bilmədən və təlimata riayət etmədən onları qarışdırdıqda, gübrələrin səmərəliliyi azalır və bir çox çatışmazlıqlar yaranır. Məsələn, cədvəl 3.2-də bir sıra gübrələrin qarışdırılması nəticəsində baş verən çatışmazlıqlar təsvir olunmuşdur.
Cədvəl 3.2
Gübrələrin düzgün qarışdırılmaması nəticəsində yaranan çatışmazlıqlar
Gübrələrin qarışdırılması | Arzu olmayan dəyişikliklər |
Kifayət qədər quru olmayan superfosfat və ammonyak şorası və ya karbamid; Kaliumlu duzlar və tomasşlak yaxud fosfatşlak; Ammonium sulfat və kalium xlorid; |
Fiziki keyfiyyətləri pisləşir, pis səpələnən rütubətli qatışıq əmələ gəlir. Qabaqcadan qarışdırıldıqda kütlə yeni əmələ gəlmiş gipslə bərkiyir. Qabaqcadan hazırlandıqda qarışıq yapıxa bilər. |
Superfosvat və qələvi gübrələr; | Bu halda fosfat ionlarının bitkilər tərəfindən mənimsənilməsi pisləşir. |
Bütün ammonyak duzları qələvi gübrələrlə; Natrium şorası və turş superfosfat. |
Ammonyakın itirilməsi. Parçalanır və azot oksidləri uçur. |
Bu gün müasir gübrə səpən maşınlar mövcuddur. Məsələn, sentrifuqalı (mərkəzdən qaçma tipli) gübrəsəpən maşının bunkerinə quru halda gübrə doldurulur və sahəyə səpilir (əsas şum altına). Bundan sonra kotanla sahə şumlanır və gübrə torpağa basdırılır (şəkil 3.1).
3.1.2. Əlavə gübrələmə
Əlavə gübrələmə səpin vaxtı və səpindən sonra aparılır. Əsas gübrələmədən sonra ümumi gübrə normasının qalan hissəsi əlavə gübrələmə ilə verilir. Əlavə gübrələmə səpinlə birlikdə və vegetasiya dövründə yemləmə şəkilində bitkiləri kökdən qidalandırmaqla, həmçinin kökdən kənar bitki üzərinə çiləməklə aparılır.
Bitkilərə vegetasiya dövründə yemləmə şəklində verilən gübrələr suvarmadan sonra suda həll olub, bitkinin kökü ətrafına yayılır, nəticədə bitki daha yaxşı inkişaf edə bilir. Əlavə yemləmə gübrəsi verilərkən asan həll olan gübrələrdən istifadə etmək lazımdır. Bunun üçün tərkibində əsas qida elementləri olan tam mineral gübrələrdən istifadə edilməlidir.