3.2. Mineral gübrə normasının hesablanması
Əkin sahəsində olan qida ehtiyatına və öyrənilən sortların orta illik məhsuldarlıq göstəricilərinə görə qida maddələrinə olan tələbatı hesablanır və təsir edici maddə hesabi ilə illik gübrə norması müəyyən edilir.
Torpağın aqrokimyəvi analizləri üçün müxtəlif dərinliklərdən (0-30 sm və 30-60 sm) nümunələr götürülür. Bu analizlər vasitəsilə ümumi azot, udulmuş ammonyak, nitrat azotu, mütəhərrik fosfor, mübadiləvi kalium, humus, mühitin reaksiyası, həll olmuş duzların cəmi miqdarı və s. göstəricilər öyrənilir. Bu göstəricilərə əsasən gübrə normaları hesablanır və həmin torpağa uyğun gübrələr seçilir.
Müəyyən təsərrüfat üçün gübrələmə sistemi tərtib edəndə növbəli əkində ayrı- ayrı bitkilər üçün üzvi və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək çox mühüm məsələdir.
Çoxsaylı təcrübələr nəticəsində məlum olmuşdur ki, azotla kasıb olan az humuslu torpaqların ümumi gübrə normasında azot, fosfor və kaliumun nisbəti 1,25:1:1 olduqda optimal hesab olunur. Bu nisbət yalnız konkret torpaq şəraitində elementlərin çoxluğu və azlığı ilə dəyişə bilər.
Gübrə normaları torpaqda olan qida maddələrinin ehtiyatına və planlaşdırlan məhsula görə hesablanır. Buna misal olaraq, kartof və qarğıdalı bitkisinin gübrə normalarını hesablayaq.
Misal: Planlaşdırılmış məhsula görə kartofun gübrə normasının hesablanması
Kartof torpaqdan böyük miqdarda qida maddələri aparır. Orta hesabla kartof hər 100 sentner yumru və ona müvafiq bəlimlə (yerüstü kütlə) torpaqdan 50 kq N, 20 kq P2O5, 90 kq K2O, 40 kq-a yaxın CaO və 20 kq MgO aparır. Bu mənada əsas elementlərlə qidalanmada o, ən çox kalium, sonra azot və nisbətən az fosfor tələb edir. Müxtəlif kartof sortları müxtəlif miqdarda və nisbətlərdə qida məddələri sərf edir. Kartof ayrı-ayrı inkişaf fazalarında müxtəlif qida maddələri alır. O, çiçəkləmənin başlanğıcında və yumruların əmələ gəlməsi dövründə ən çox qida maddələri tələb edir. Azot və fosfor çatışmadıqda kartof yarpaqlarının rəngi daha açıq olur və dik durur. Kalium çatışmadıqda kartofun yarpaqları tunc rəng alır. Yarpaqlar qırışır, kənarları aşağı qatlanır, qonur-yaşıl rəng alır və vaxtından əvvəl quruyur. Kartofun quru kütləsində 26 müxtəlif kimyəvi element tapılmışdır. Onlardan kartof, əsasən, 3 elementə - azot, fosfor və kaliuma daha çox tələbat göstərir. Bunu aşağıdakı cədvəldən görmək olar.