4. Üzvi gübrələr və onların istifadə qaydaları
Torpağın münbitliyini artırmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün əkinçilikdə tətbiq olunan bitki və heyvan mənşəli, təzə, yaxud bioloji dəyişkənliyə uğramış maddələrə üzvi gübrələr deyilir. Üzvi gübrələr nəinki torpağı qida maddələri ilə zənginləşdirir, həm də torpağın su-fiziki xüsusiyyətlərini (su saxlama, su sızdırma, hava rejimi optimal, dənəvər, optimal sıxlıqlı və s.) yaxşılaşdırır. Üzvi gübrələr sırasına peyin, peyin şirəsi, torf, müxtəlif kompostlar, kənd təsərrüfatı istehsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr, bioloji yolla alınmış enzimlər (fermentlər) və s. daxildir. Üzvi gübrələrin tərkibinə daxil olan maddələrin miqdarı və keyfiyyəti onların mənşəyindən və saxlanmasından çox asılıdır.
4.1. Peyin
Peyin ən mühüm üzvi gübrədir. Peyinin əhəmiyyəti yalnız onda muhüm elementlər sayılan azot, fosfor və kaliumun olması ilə deyil, həm də ucuz başa gəlməsi və torpaqda öz təsirini uzun müddət saxlaması ilə əlaqədardır. Peyinin tərkibində əsas qida maddələrindən olan azot, fosfor, kalium, kalsium, bir sıra mikroelementlər və bir çox başqa qida maddələri var.
Peyini və başqa üzvi gübrələri torpağa verməklə orada mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər sürətlənir. Çünki mikroorqanizmlər torpaqda çətin mənimsənilən qida maddələrinin bitkilər üçün istifadə oluna bilən formaya çevrilməsində çox böyük rol oynayır.
Peyinin keyfiyyəti heyvanlara verilən yemlərin tərkibindən, heyvanların növündən, peyinin toplanma və saxlanma üsulundan asılıdır. Heyvan yeminin üzvi maddəsi həzm orqanından keçərkən enzimin köməyi ilə hidroliz olunur.
Cədvəl 4.1
Müxtəlif heyvanların ifrazatındakı quru maddənin, azotun və
kül elementlərinin miqdarı (%-lə)
Heyvanların növü | Quru maddə | N | P2O5 | K2O | CaO | MgO | SO4 |
Bərk ifrazatda | |||||||
Qaramal | 16 | 0,29 | 0,17 | 0,10 | 0,35 | 0,13 | 0,04 |
At | 24 | 0,44 | 0,35 | 0,35 | 0,15 | 0,12 | 0,06 |
Qoyun | 35 | 0,55 | 0,31 | 0,15 | 0,46 | 0,15 | 0,14 |
Duru ifrazatda | |||||||
Qaramal | 6 | 0,58 | 0,01 | 0,49 | 0,01 | 0,04 | 0,13 |
At | 10 | 1,55 | 0,01 | 1,50 | 0,45 | 0,24 | 0,06 |