4.3. Torf
Torf-yanacaq məqsədilə, heyvanların altına döşəmə kimi, həmçinin üzvi gübrə kimi geniş miqyasda istifadə olunur. Ən yaxşı üzvi gübrələrdən biri də torfdur. O, müxtəlif dərəcədə parçalanmış bitki qalığından ibarətdir. Onu əmələ gətirən bitkilər suyun çox, havanın isə çatışmazlığı şəraitində parçalanır. Sahəyə səpilərkən torfun nəmliyi 50%-dən az olarsa, o, torpaqdakı nəmliyi udacaq və torpağı qurudacaqdır. Torfun tərkibində 85-97% üzvi maddə, 0,9- 1,7% azot, 0,2-0,5% fosfor və 0,1-0,3% kalium var. İstifadədən əvvəl torf tığ şəklində yığılıb üzərinə peyin şirəsi tökərək kompostlaşdırılır. Torfu gübrə məqsədilə istifadə etmək üçün ən əlverişli üsul onu heyvanlar altına döşəməkdir.
Torfun tərkibində bitkilər üçün mənimsənilən qida elementlərinin az olmasına baxmayaraq, o, humusun miqdarını artırır və torpağın strukturunu yaxşılaşdırır. Torfun tünd rəngdə olması istinin udulmasına və torpağın tez isinməsinə yardım edir.
Çürümə dərəcəsinə görə torf üç növə bölünür. Üst torf (bataqlıq sahəsinin üst qatında bitkilərin parçalanmasından əmələ gələn) bitki qalıqlarının zəif çürümə dərəcəsi və yüksək turşuluğu ilə xarakterizə olunur. Dərin torf (bataqlıq sahəsinin alt qatında bitkilərin parçalanmasından əmələ gələn) yüksək çürümə dərəcəsi və az turşuluğu ilə seçilir. Orta torf bunların arasında keçid formasını əks etdirir.
Torfu bataqlıqlardan yığaraq lay-lay sərib qurudurlar və ya kompost tığına əlavə edirlər. Yaddan çıxartmaq lazım deyil ki, ona əhəng əlavə etmək lazımdır. Dirrikdə və bostanda onu kompost komponenti kimi istifadə etmək daha yaxşıdır. Örtülü qrunt şəraitində isə şitillərin becərilməsi üçün torpaq qarışıqlarına əlavə etmək olar.