Bundan başqa, torpağın münbitliyindən və mexaniki tərkibindən asılı olaraq, yaşıl gübrə kimi paxla, noxud, lobya, lərgə, payızlıq çöl noxudu, birillik üçyarpaq yonca və başqaları göstərilə bilər. Əkinçilikdə yaşıl gübrə məqsədilə ən çox əkilən bitki acı paxladır.
Yaşıl gübrələr ekoloji əkinçilikdə xüsusilə əhəmiyyətlidir. Adətən, əvvəlcə ot örtüyü biçilir, sonra isə bitki qalıqlarının torpağa qarışdınlması həyata keçirilir.
Kök qalıqları və torpağa qarışdırılan bitkilərin yerüstü kütləsi torpaq üçün enerji, torpaq orqanizmləri üçün isə yem mənbəyidir. Belə olan halda mikroorqanizmlərin həyat fəaliyyəti canlanır və torpağın strukturu yaxşılaşır.
Paxlalı siderat bitkilərin tərkibi növbəti bitkilərin istifadəsi üçün əhəmiyyətli olan azotla olduqca zəngindir. Bir çox siderat bitkilər öz kök ifrazatlarının vasitəsi ilə torpaqda olan mineral maddələrin mənimsənilməsini yüksəldir.
Hazırda dünya əkinçiliyində bitki qalıqlarının yaşıl gübrə kimi səmərəli istifadəsi geniş yayılmışdır. Əksər inkişaf etmiş ölkələrdə, xüsusilə də Çində müasir qarğıdalı yığan kombaynlar vasitəsilə məhsulun biçilməsi ilə eyni zamanda kövşən qalıqları xırdalanaraq yaşıl gübrə kimi sahəyə verilir (şəkil 4.11).
4.7. Biohumus
Biohumus, yaxud qurd peyini (korpolit) üzvi tullantıları emal edən soxulcanların hazırladığı 1-3 mm ölçüdə dənəvər kütlədir.
Soxulcanlar üzvi tullantılarla zəngin olan torpaqlarda, heyvan və quş tullantılarında, xammal edən müəssisələrin və yaşayış obyektlərindən atılan tullantılarda əmələ gəlib yaşayırlar.