1. Bitkilərin qida maddələrinə olan tələbatı və əsas qida elementləri
Oxucular bitkilərin qidalanması, onların qida maddələrinə olan tələbatı, makro və mikroelementlər barədə məlumat əldə edəcək, bitkilərdə müxtəlif qida maddələrinin çatışmazlığının xarakterik əlamətlərini mənimsəyəcək və vizual (baxmaqla) olaraq bitkilərin qida maddələrinə olan ehtiyacını müəyyən edə biləcəklər.
1.1. Bitkilərin qidalanması və əsas qida maddələrinə tələbatı
Hər bir canlı orqanizmdə olduğu kimi, bitkilərin də toxumasına su və quru maddə daxildir. Quru maddənin tərkibində üzvi və mineral birləşmələr vardır. Bitkinin orqan və toxumalarının əksəriyyətində nisbətən çoxlu su olur. Bitkilərdə suyun miqdarı müəyyən həddən çox azaldıqda maddələr mübadiləsi və xüsusilə sintetik proseslər əvvəlcə zəifləyir, sonra isə tamamilə dayanır. Bitkilərdə quru maddə ilə suyun miqdarı arasındakı nisbət orqan və ya toxumanın və bütünlüklə bitkinin yaşından, fizioloji vəziyyətindən, yetişdirilmə şəraitindən asılı olaraq gün ərzində xeyli dəyişir.
Kənd təsərrüfatı bitkilərinin vegetativ orqanlarının çoxunda 85-95 % su olur, quru maddələr isə cəmisi 5-20% təşkil edir. Yetişmiş toxumlarda suyun miqdarı azalır, quru maddələrin miqdarı isə ümumi çəkinin 85-90%-i qədər artır.
Yüksək məhsul yetişdirdikdə sahə vahidindən mümkün olduqca çox quru maddə əldə etmək lazımdır. Toxumalarda suyun miqdarını nəzərə alaraq bu və ya başqa kənd təsərrüfatı bitkisinin məhsulunda nə qədər quru maddə olacağını hesablamaq olar.
Bitkilər quru maddəni havadan karbon qazını və torpaqdan su və mineral duzları mənimsəmək hesabına toplayır. Tədqiqatçılar tərəfindən bir çox kənd təsərrüfatı bitkilərində quru maddələrin tərkibi öyrənilən zaman müəyyən edilmişdir ki, orta hesabla onlarda 45% karbon, 42% oksigen və 7% hidrogen vardır, yəni CO2 və H2O-nun udulması hesabına bitkilərə daxil olan bu elementlərin payına bütün quru maddələrin təqribən 94%-i düşür. Bitkilərin tərkibinə daxil olan bütün qalan elementlər isə təqribən 6% təşkil edir. Məlum olmuşdur ki, quru maddələrin toplanma intensivliyi və məhsuldarlıq bitkilərin bu qalan elementlərlə təmin olunması dərəcəsindən asılıdır. Bu elementləri isə bitkilər torpaqdan mənimsəyir.