Yem payına əlavələr tədricən həyata
keçirilməlidir və bu zaman heyvanın sağlamlığına
ciddi nəzarət olunmalıdır.
6.3 Doğum evinə və profilaktoriyə qoyulan
gigiyenik tələblər Doğum evi bir-birindən ayrı iki şöbədən ibarət olur: 1. Doğuma hazırlıq və doğumdan sonrakı şöbə; 2. Profilaktori. Birinci şöbədə bordaqlar inəklərin ümumi sayının 5 %-ni, ikinci şöbə isə 6-7 %-ni təşkil edir. Doğum şöbəsində inəklərin yeri boks formasındadır. Boksların eni 2,5 m-ə, uzunu 3 m-ə, yanlardan arakəsmələrin hündürlüyü isə 1,5 m-ə bərabər götürülür. Doğum şöbəsinin doğuma hazırlıq hissəsində inəklər 4-6, doğum olan yerdə 1-2, sonuncu şöbədə isə 6-7 gün saxlanılır. Sonra inəklər ümumi binaya keçirilir. Doğulmuş balanın çəkisi normada və ya normadan bir az artıq olduqda o, sağlam və xəstəliklərə davamlı olur. Doğulmuş bala təmiz küləş sərilmiş brezent, yaxud parça üzərinə qoyulmalıdır. Buzovun burun dəlikləri və ağzı təmiz parça ilə dilətrafı selikdən təmizlənməlidir. Göbək hissəsi qarından 10-12 sm aralı ipək sapla bağlanıb, dezinfeksiya edilmiş qayçı ilə kəsilir. Həmin yeri yod məhlulu ilə dezinfeksiya etmək tələb olunur. Sonra buzovu təmiz dəsmalla qurulayıb, brezentə bükərək profilaktori otağına aparırlar. Profilaktori bir-birindən ayrı 2-4 bölmədən ibarət olmalıdır. Hər bölmədə ayrıca qapı qoyulmalıdır. 6.3.1 Sağım qaydası və yelinə qulluq İnəklər 2 cür sağılır: 1. Əl ilə; 2. Maşın ilə. 1) Əl üsulu ilə sağımda sağım yumruqlar ilə aparılır. Öncədən yelin nəm dəsmalla təmizlənir, sonra 3 damcı kənara sağılır. Daha sonra sağım davam etdirilə bilər. Bu zaman ovucun içərisi ilə əmcəyin əsası tutulur, baş barmağın köməyilə əmcək ovucun içərisində sıxılır, qalan barmaqlar cəld ardıcıl surətdə növbə ilə yumulur. Bu zaman əmcək barmaqlarla ovucun içi arasında sıxılır və süd təzyiqlə xaricə çıxır. |