Patoloji-anatomik dəyişikliklər. Qaramal və camışın cəsədləri yarılarkən, adətən ağız
boşluğunda, yelində və
ətraflarda, nadir hallarda isə mədəönlüyünün selikli qişasında tipik aftoz pozulmalar müşahidə olunur.
Miokardda alabəzəklik ("pələng ürəklilik") inkişaf edir.
Diaqnoz. Diaqnoz epizotoloji, klinik, patoloji-anatomik dəyişikliklərə və laborator
müayinələrinə əsasən
qoyulur. Klinik-epizotoloji məlumatların analizi ilkin diaqnozu təcili qoymağa imkan verir. Törədicinin
tipini müəyyən etmək üçün laborator müayinələr aparılır. Bu məqsədlə 5 q-dan az olmamaqla aftoz material
götürülür, bərabər miqdarda qliserin və fosfat buferi ilə qarışdırılır və hermetik bağlama halında
laboratoriyaya göndərilir.
Müalicəsi. Xəstə heyvanlar təcrid olunaraq, müalicə edilirlər, xəstəlik bütün naxırda yayılıbsa, təcridə
ehtiyac qalmır. Xəstələr immunolakton və ya rekonvalessentlərin (xəstəlikdən sağalmış heyvanların) qan
serumu ilə işlənilir. Simptomatik müalicə aparılır: antiseptik və büzüşdürücü preparatlar proses gedən
nahiyələrə çilənir, ehtiyac olduqda bu yerlərdə cərrahi əməliyyatlar aparıla bilər, ağrıkəsici və ürək-
sinir sakitləşdirici dərman vasitələri tətbiq edilir. Yemlər yumşaq və ya qaynadılmış olmalıdır. Klinik
sağlam heyvanlara fəal və qeyri-fəal immunizasiya tətbiq edilir.
Profilaktika və mübarizə tədbirləri. Epizootiya əleyhinə tədbirlərin əsas prinsipləri aşağıdakılardır:
ölkəyə törədicinin daxil olmasının qarşısının alınması, immun ərazilərin yaradılması və qorunması,
yoluxmanın mənbəyinin və yayılma üsullarının aşkar edilməsi. Ölkədə epizootik vəziyyətin dəyişməsinin elmi
əsaslandırılmış proqnozu böyük əhəmiyyət kəsb edir. Dabaq baş verdikdə təsərrüfata və ya yaşayış məntəqəsinə
karantin qoyulur və müvafiq qaydalara əməl olunmaqla törədicinin bu ərazidən kənara çıxmasına maksimum
maneçilik törədilir. Təhlükəli hesab olunan bölgələrdə ümumi profilaktika tədbirləri yerinə yetirilir,
həssas heyvanlar vaksinasiya olunur.
Karantin axırıncı heyvan sağalmasından və ya xəstə heyvanın öldürülməsindən 21 gün keçdikdən sonra götürülə
bilər.
8.3
Cavan heyvanların streptokokları
Heyvanların yoluxucu xəstəliklərinin böyük qrupudur, ev, kənd təsərrüfatı, sənaye və vəhşi heyvanların,
habelə insanların müxtəlif orqan və toxumalarında irinli-iltihabi proseslərin inkişaf etməsi ilə keçir.
Törədicisi. Streptococcus zooepidemicus və str.pneumoniae streptokoklarıdır. Bunlar qısa və
uzun zəncir formasında düzülən yumru mikroblardır, spor əmələ gətirmirlər, qram-müsbətdirlər. Əksər növləri
kapsulasızdır. Təbiətdə çox geniş yayılıblar. Qan serumu və qlükoza əlavə edilmiş qida mühitlərində çox
yaxşı boy verirlər.
Epizotologiyası. Streptokok infeksiyasına demək olar ki, bütün məməli heyvanlar həssas
olsalar da,
xəstəliyin xarakteri və gedişi heyvanın növündən, ilin fəslindən, yoluxma üsulundan və s. asılı olaraq, çox
müxtəlif formada inkişaf edə bilər.