Heyvanları doğuş şöbələrinə köçürməzdən əvvəl peyin və çirklərdən yaxşı-yaxşı təmizləməli, yelin, ayaqlar,
qarınaltı nahiyə, xarici cinsiyyət üzvləri təmiz yuyulmalı və dezinfeksiya olunmalıdır. Doğuş şöbəsi
qabaqcadan dezinfeksiya edilir. Doğuşdan dərhal sonra onların göbək ciyələri cərrahi yolla işlənir.
Qeyri-sağlam fermalarda yeni doğulan heyvanlara spesifik serum və antibiotiklər yeridilir. Binalarda
vaxtaşırı dezinfeksiya tədbirləri həyata keçirilir.
8.4
Yaman keyfiyyətli kataral isitmə
Yaman keyfiyyətli kataral isitmə (YKKİ) qaramalın iti keçən yoluxucu xəstəliyi olmaqla başın, bağırsaqların
selikli qişalarının krupozlu iltihabı, gözün zədələnməsi və əsəb pozğunluqları ilə səciyyələnir.
Törədicisi - virus orboviruslar cinsinə aiddir, ölçüsü 68 nanometr-ə bərabərdir və 20-dək seroloji variantı
var. Xəstə heyvanın qanında, beynində, parenximatoz orqanlarında və limfa düyünlərində aşkar edilir. Virus
qanda otaq temperaturunda 24 saat, 4°C-də isə 2 həftə qalır. Təbii şəraitdə virus öz fəallığını 30-35 gün
saxlayır.
Epizotologiyası. Xəstəliyə ən çox qaramal və camışlar, əksər hallarda 1-4 yaşında həssasdırlar. Qoyun və
keçilər nadir hallarda xəstələnirlər.
İnfeksiya mənbəyi xəstə heyvanlardır, ancaq xəstə orqanizmdən yoluxucu amilin necə ifraz olunması məlum
deyil. Gizli virusdaşıyıcı olan qoyun və keçilər də infeksiya mənbəyi ola bilərlər.
Xəstəlik adətən payızda, qışda və yazda, bəzən isə yayda müşahidə olunur. Yemləmədəki çatışmazlıq, soyuq və
nəmlik xəstəliyin baş verməsinə şərait yaradan amillərdir. Bəzi kəndlərdə və hətta həyətlərdə xəstəlik
stasionar xarakter almaqla bir neçə il dalbadal müşahidə olunur.
YKKİ adətən sporadik baş verir. Lakin bəzən payız-qış vaxtı heyvanlar tövlə şəraitində olanda enzootiki
formada yayılır və adətən bu 40-50 gün çəkir. İlk xəstələnən heyvanlar onu ağır keçirir və 100% tələf olur.
Axırda xəstələnən heyvanlarda xəstəlik yüngül keçir.
Kliniki əlamətlər. İnkubasiya dövrü orta hesabla 2 həftədən 8 həftəyə qədərdir. Lakin
bəzən o, 12 saata qədər qısalır, yaxud 3-4 aya qədər uzanır.
Xəstəliyin prodromal dövründə, hansı ki, adətən bir gün çəkir, heyvanın əsəb fəaliyyətinin oyanma tipində
ehtiyatlılıq, bəzən hətta həyəcan nişanələri görünür. İnert heyvanlar süst olurlar. Sonra bədən temperaturu
qalxaraq 41-42°C-yə çatır və bu hal bəzən enib- qalxmaqla bütün xəstəlik dövründə davam edir.
Xəstəliyin başlanğıcında heyvan yemdən imtina edir, susuzluq artır, gövşəmə olmur, süd azalır. Heyvan kəskin
süstlük vəziyyətində dayanıb başını aşağı salır, yaxud yem qabına söykənir. Oyanma elementləri görünə bilər,
heyvan irəliyə hərəkət etmək istəyir, böyürür, dişlərini qıcırdadır, əsməcə tutur.
YKKİ üçün ağız, burun, gözün selikli qişalarının iltihabı səciyyəvidir, xəstə işıqdan qorxmaqla gözündən yaş
axır.