Kənd təsərrüfatı bitkilərinə vaxtında edilən düzgün qulluq nəticəsində bitki yaxşı inkişaf edir, məhsuldarlıq artır, insanların bu bitkilərdən alınan məhsullara olan ehtiyacı ödənilir. Bildiyimiz kimi hər bir bitki əkildikdən sonra inkişafı dövründə müxtəlif mərhələlərdən keçir, cücərir, sünbülləyir və nəticədə məhsul verir. Bunun üçün bitkinin inkişaf dövrlərində tələb olunan qulluq işləri (suvarma, gübrələmə, dərmanlama) vaxtında aparılmalıdır. Lakin bitki üçün ən əhəmiyyətli dövrlərdən biri yetişmə dövrüdür. Bitkinin tam yetişmə dövrü mütəxəssislər tərəfindən dəqiq müəyyənləşdirilməli və biçin gecikdirilməməlidir. Çünki yetişmə dövründə bitkinin vaxtında və itkisiz biçilib yığılması məhsul itkisinin qarşısını xeyli alır. Bunun üçün biçində iştirakı nəzərdə tutulan kənd təsərrüfatı texnikaları tam hazırlıq vəziyyətində olmalı, biçin vaxtında aparılmalı, məhsulun töküldüyü yer (xırman) və anbar təmizlənməli, dərmanlanmalı və tam hazır vəziyyətdə olmalıdır. Bu əməliyyatlar vaxtında və düzgün aparılmasa, 15-20 faiz məhsul itkisinə səbəb ola bilər. Demək taxılın vaxtında biçilməsi, daşınması, qurudulması və saxlanması xüsusi əhəmiyyətə malikdir.
5.1. Taxılın yetişmə fazasının təyin edilməsi
Kənd təsərrüfatı bitkilərinin inkişafı zamanı onlara ayrı-ayrı iqlim şəraitinin təsirini düzgün müəyyənləşdirmək lazımdır. Bitkilərin cücərdilməsindən başlayaraq toxumlarının yetişdirilməsinə qədər xarici mühit amillərinin təsiri nəticəsində bitkidə bir çox dəyişikliklər müşahidə olunur. Kənd təsərrüfatı bitkilərinin toxumları səpiləndən sonra cücərdilir, cücərtiləri böyüyüdür, yarpaqlanır, budaqlanır, gövdəsi böyüdülür, qönçələnir və çiçək qrupları əmələ gəlir, çiçək açır, meyvə verir və yeni toxumlar əmələ gəlir. Hər bitkinin özünəməxsus inkişaf fazaları və bu fazaların müəyyən əlamətləri vardır. Dənli bitkilərin axırıncı inkişaf fazaları dənin yetişməyə başladığı fazalardır (Şəkil 5.1). |
Süd fazasında dən tam böyüklüyə çatır, lakin onun rəngi hələ yaşıl və içi yarımmaye halda süd ilə dolu olur. Bu fazanın başlanğıcında hələ bitki yaşıl halda olur, yalnız gövdənin aşağı yarpaqları saralmağa başlayır. Bunu müşahidə etmək üçün sünbüldən götürülmüş dən iki barmağın arasında sıxılaraq maye maddə xaricə çıxarılır. Arpa dənindəki yarımmaye maddə yumurta ağı kimi yarım bişmiş sarımtıl rəngdə olur, buğdanınkı isə qatı süd rəngində olur.