İtkinin qarşısını almaq üçün taxıldaşıyan nəqliyyat vasitələrinin yaxşı işləməsinə fikir vermək lazımdır. Zəmilərdə yanğına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinin vacibliyinə və biçilmiş taxılın ciddi uçota alınmasına da nəzarət edilməlidir. Əgər fermer təsərrüfatında biçilmiş taxılın rütubətliliyini təyin edən laboratoriyalar yoxdursa, xırmanlarda itkiyə yol verilməməsi üçün hər sahədən xırmana gələn taxıldan təsərrüfatın aqronomu, taxılçı briqadir, xırman müdiri və yaxud digər bir məsul şəxs xırman fəhlələrindən bir nəfərin iştirakı ilə orta nümunə götürülüb kisəyə yığılır, ağzı bağlanıb surquclanır, çəkilir və saxlama üçün akt ilə xırman müdirinə təhvil verilir. Həmin nümunələr xırmandakı taxıl təmizlənib qurtarılana qədər açıq havada saxlanılır. Sonra komissiya üzvləri tərəfindən yenidən çəkilir və akt tərtib edilir. Əvvəlki çəki ilə sonrakı çəki arasındakı fərqə görə xırmanda təbii itkinin miqdarı hesablanır.
5.3. Dənin nəmliyinin təyiniTədarük məntəqələrinə (toxumun qəbul edildiyi yer) daxil olan dənin nəmliyi laboratoriya şəraitində tam dəqiqlik ilə yoxlanmalıdır. Bunun üçün qəbul məntəqələrinə daxil olan dənin nəmliyi iki dəfə - hər maşında gətirilmiş nümunədə təyin edilir.
Dənin nəmliyi üyüdülmüş dənin unu elektrik quruducu şkaflarda 130 dərəcə selsi temperaturda 40 dəqiqə müddətində qurudulmaqla əvvəlki çəkidən sonra alınan çəki çıxılmaqla hesablanır.
Bunun üçün gün ərzində götürülmüş orta nümunədən 30 qram dən götürülür və laboratoriya dəyirmanında üyüdülür. Üyüdülmüş nümunə ağzı kip bağlı qaba tökülür və tıxacla bağlanır. Sonra bu nümunədən əvvəlcədən çəkisi məlum olan qaba 5 qram üyüdülmüş nümunədən tökülür. Qabın qapağı açıq halda, 40 dəqiqə ərzində 130 dərəcə selsiyə qədər qızdırılmış şkafa qoyulur. Sonra qabın ağzı örtülür və 18-20 dəqiqə soyudulur və çəkisi hesablanır. Əvvəlki məlum kütlədən sonrakı kütlə çıxılıb fərq 20-yə vurulur və dənin nəmliyi tapılır. Bu proses iki təkrarda aparılır və orta rəqəm çıxarılır ki, bu da orta nəmlik hesab olunur. Nəmlik faizi aşağıdakı düstur vasitəsilə hesablanır: