5.4. Məhsulun saxlanması
Yığılmış buğdanın saxlanması üçün istifadə olunan anbar, bina rütubət olmayan quru, havalı və işıqlı bir yer olmalıdır. Bir ton məhsul üçün ən azı 1.5 kvadrat metr sahə lazımdır. Anbara gətirilən buğdanın tərkibində su 12-14 faizdən yüksək olmamalı, eyni zamanda yığılan toxumun içərisində kənar toxumlar olmamalıdır. Çünki kənar toxumların tərkibindəki nəmlik toxumları qızışdırılaraq çürüməyə səbəb olur. Tərkibində normadan artıq rütubət olan toxumlar anbar ərazisində sərilərək qurudulmalıdır (Şəkil 5.5, Şəkil 5.6). Toxumu sonra təmizləyib (Şəkil 5.7), dərmanlayıb (Şəkil 5.8), kisələrə yığılaraq anbarda saxlanılmalıdır (Şəkil 5.9, Şəkil 5.10). Saxlanmaya qoyulan toxumun miqdarına əsasən toxumluq, həmçinin, ərzaq və yemlik dən üçün tələb olunan anbar sahəsinə tələbat müəyyənləşdirilir. Toxum materialını saxlamaq üçün anbarın tutumunu hesabladıqda nəzərə almaq lazımdır ki, toxum kisələrdə və topalarla məsləhət bilinən hündürlükdə və kisələr üst-üstə yığılaraq müəyyən yığım yüksəkliyində saxlanılır (Şəkil 5.11, Şəkil 5.12). Fəal havalandırma qurğuları ilə təchiz olunmuş toxum anbarlarında dənli bitkilərin toxumlarının topasının yüksəkliyi 5 metrədək yüksələ bilər. Digər bitkilər üçün topaların hündürlüyü təqribən 30 faiz azala bilər. İndi ixtisaslaşdırılmış və universal 500, 1000, 1500, 2000, 2300, 2500, 5000 ton və s. tutumlarda toxum anbarları tikirlər. Bütün saxlayıcılar seksiya tiplidir (ayrı-ayrı bölmələrdən ibarətdir). Bir (bölmənin) tutumun buğdaya çevirilməklə 500 tondur. Onun uzunluğu və eni 18 metr olur (Şəkil 5.13). Bu cür müasir saxlama anbarları həm taxıl, həm də toxumluq materialın yüksək keyfiyyətlə qorunmasını təmin edir. |