Hal-hazırda respublikamızda buğda, çovdar, tritikaledən daha çox ərzaq məhsullarının hazırlanmasında, arpa, yulaf, vələmir bitkilərindən isə heyvandarlıq üçün yemlərin hazırlanmasında geniş istifadə olunur. Lakin bu bitkilərin ətraf mühit amillərinə (quraqlıq, istilik, suvarma, şaxta və s.) qarşı dözümlülüyü tamamilə fərqlidir. Buna görə də dünyada və respublikamızda bu bitkilərin əkilib-becərilməsində fərq var. Yəni bu bitkilər dünyanın bəzi ölkələrində çox, bəzi ölkələrində isə az becərilir. Ona görə də adları qeyd olunan bu bitkilərin hər birinin becərilmə xüsusiyyətlərinə uyğun şəraitdə əkilməsi məsləhətdir. Belə olan halda bitki yaxşı inkişaf edəcək, məhsuldarlıq artacaq, insanların ərzağa, heyvanların isə yemə olan ehtiyacı ödəniləcəkdir.
6.1. Payızlıq və yazlıq buğda
Dənli taxıl bitkiləri “həyat tərzinə” görə iki qrupa - payızlıq və yazlıq taxıllara bölünür (Şəkil 6.1, Şəkil 6.2, Şəkil 6.3, Şəkil 6.4, Şəkil 6.5, Şəkil 6.6). Payızlıq taxıl bitkiləri inkişafının ilk dövrü üçün tələb etdikləri atmosfer amilləri yazlıq buğdalardan fərqlənir. Payızlıq taxıllar, o cümlədən, buğdaların hamısı uzun yarovizasiya mərhələsinə malikdir. Payızlıq buğdanın səpini payızda kənd təsərrüfatı işlərinin az olduğu vaxtda aparılır. |