6.2. Arpa bitkisinin təsərrüfat əhəmiyyəti və istifadəsi
Respublikamızda arpa əkin sahəsinə görə buğdadan sonra ən geniş yayılan dənli bitkidir (Şəkil 6.18, Şəkil 6.19). Mülayim iqlim şəraiti respublikada arpa bitkisini payızda səpməyə və yaz səpininə nisbətən 1.5-2 dəfə artıq məhsul götürməyə imkan verir. Bu bitki, əsasən, dənli yem bitkisidir. Arpa dəni nişasta, zülal, amin turşuları ilə zəngin olduğundan qüvvəli yemlərin hazırlanmasında ən qiymətli bitkilərdən biri hesab olunur. Azərbaycanda istehsal olunan arpadan, əsasən, yem üçün istifadə olunur. Arpa taxıllar (Çramicae) fəsiləsinin hordeum (Hordeum L) növünə aiddir. Hal-hazırda arpanın 30-a yaxın növü məlumdur ki, bunlardan da yalnız biri becərilir. Sünbül oxunun oturacağındakı bar verən sünbülcüklərin sayına görə bu növ 3 yarımnövə bölünür:
1. Çoxcərgəli arpa - H. Vulgare L;
2. İkicərgəli arpa - H. Distichum L; 3. Aralıq arpa-H. İntermedium Vav. et Orl. Çoxcərgəli arpalarda hər bir sünbül oxunun oturacağında üç, ikicərgəli arpalarda bir, aralıq arpalarda birdən üçə qədər bar verən sünbülcük olur. Bu yarımnövlərdən çoxcərgəli və ikicərgəli arpalara daha çox, aralıq arpalara isə nadir hallarda rast gəlinir. Arpa çoxtərəfli istifadə olunan bitkidir. Ondan arpa yarması hazırlanır, kofe və çörək bişirilməsində istifadə olunur. Kənd təsərrüfatı heyvanları, xüsusən, donuz və quşçuluq üçün qidalı yem hesab olunur. Arpadan sənayenin spirt hazırlama, konditer və pivə bişirmə sahələri, yem kimi isə atların və iribuynuzlu malların yemlənməsi istifadə olunur. Arpa dəninin tərkibində 12 faiz zülal, 2.1 faiz yağlar, 5.5 faiz oduncaq, 2.8 faiz kül maddələri, 64.5 faiz azotsuz ekstativ maddələr vardır. Arpanın samanı buğla (suyun buxarında) yumşaldıldıqdan sonra malların yemlənməsində istifadə olunur. |