6.2.1. Bioloji xüsusiyyətləri
Arpanın becərilməsi, əsasən, mülayim qışı olan rayonlarda aparılır. Payızlıq arpadan yüksək məhsul almaq üçün xarici amillərə tələbatı tam ödənilməli və optimal yaşayış inkişaf şəraiti yaradılmalıdır, bunun üçün lazımi becərmə işləri vaxtı-vaxtında həyata keçirilməlidir. Payızlıq arpa toxumunun cücərdilməsi üçün minimal temperatur müsbət 1 dərəcə selsidən müsbət 2 dərəcə selsiyə qədər olmalıdır. Optimal temperatur 20-25dərəcə selsi, yüksək temperatur müsbət 35 dərəcə selsidən müsbət 40 dərəcə selsiyə qədər hesab edilir. Payızlıq buğdaya nisbətən payızlıq arpa mənfi hərarətə, yəni qışa az davamlıdır. Ona görə bu arpanın qışı çox sərt keçən rayonlarda becərilməsi mümkün deyildir. Azərbaycanda becərilən arpa sortları mənfi 14dərəcə selsidən mənfi 16 dərəcə selsiyə qədər temperatura dözür. Payızda torpaqda şumun altına əlavə yemləmə kimi fosfor gübrəsinin verilməsi bitkilərin qışa davamlılığını xeyli yüksəldir (Şəkil 6.12). Payızlıq arpanın payızda əlverişli müddətdə səpini də onun qışa davamlılığına müsbət təsir göstərir. Bitkilərin çiçəklənmə və tozlanma dövründə havanın temperaturunun yüksək 34-36 dərəcə selsi olması həmin proseslərin normal getməsinə səbəb olur. Əks halda, sünbüldə dənlər seyrək və cılız olur. Payızlıq arpa bitkisi torpağa az tələbkardır. Respublikamızın şoranlaşmış torpaqlarından başqa, bütün torpaq növlərində becərilir, lakin bitkilərin normal inkişafı üçün ən yaxşı torpaq yüngül və orta ağırlıqlı mexaniki tərkibə malik olan, şabalıdı, açıq-şabalıdı tip torpaqlar hesab edilir. Payızlıq arpanın normal inkişafı üçün kifayət qədər azot, fosfor və kalium birləşmələri və mikro elementlər olmalıdır. Arpa bitkisi inkişafının ilk dövründə fosfora çox ciddi ehtiyac duyur |