1. Azərbaycanda becərilən taxıl növləri, onların inkişaf prosesi və iqtisadi
əhəmiyyəti
Taxılçılıq respublikamızın iqtisadiyyatında çox mühüm yer tutur. Əhalinin taxıldan alınan ərzaq məhsulları, yəni çörək, makaron, vermişel, yarma, undan hazırlanan şirniyyatlara olan tələbatı, ehtiyacını təmin etmək vacib bir vəzifə kimi dövlətimizin daim diqqət mərkəzindədir. Ölkənin iqtisadiyyatında taxıl istehsalı böyük əhəmiyyətə malikdir. Taxılçılığın inkişaf etdirilməsi, istehsalının yüksəldilməsi ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafı üçün lazımdır. Taxıldan əhali üçün ərzaq məhsullarının hazırlanmasında istifadə olunur. Daha sonra yeyinti və yüngül sənayedə taxıldan digər məhsulların hazırlanması üçün, heyvandarlıqda isə yemlərin hazırlanmasında geniş istifadə olunur. Ölkəmizdə əhalinin sayının artması, maddi vəziyyətinin yaxşılaşması, əhalinin ərzağa olan tələbatının yüksəlməsi, sənaye sahələrinin getdikcə genişlənməsi çörək, xüsusi ilə, yüksək keyfiyyətli buğda növünə daxili tələbatı ildən-ilə artırır. Heyvandarlığın inkişaf etdirilməsi də taxıl istehsalının artırılması ilə bağlıdır. Çünki taxıldan hazırlanan qüvvəli yemlərdən (kəpək və digər yemlər) mal-qara və quşların yemlənməsində, əsasən, geniş istifadə olunur. Taxıl istehsalını artırmadan kənd təsərrüfatının digər sahələrində də dönüş yaratmaq, təsərrüfat və rayonları pambıq, tərəvəz, tütün, üzüm və s. istehsalı üzrə inkişaf etdirmək olmaz. O cümlədən, taxılçılığı inkişaf etdirmədən şəhər və sənaye mərkəzləri ətrafında tərəvəzçilik, tütünçülük, üzümçülük, kartofçuluq və heyvandarlıq-südçülük sahələrini də inkişaf etdirmək çətin olmaz. Tibb elminin məlumatına görə gün ərzində bir adam üçün orta hesabla norma 470 qram və il ərzində isə 172 kiloqram çörək məhsulu tələb edilir. Gündəlik normada qara çörək 130 qram, ağ çörək 270 qram, ağ un 25 qram, yarma və makarondan 45 qram istifadə olunmalıdır. Dənli bitkilər məhsulu istifadə xarakterinə görə aşağıdakı qruplara bölünür. |