6.3. Çovdar bitkisinin təsərrüfat əhəmiyyəti
Çovdar respublikamızda ərzaq və yem bitkisi kimi becərilən dənli taxıl bitkilərindəndir (Şəkil 6.21, Şəkil 6.22). Çovdar dəninin tərkibində sortun xüsusiyyətləri və becərilmə şəraitindən asılı olaraq 9-18.6 faiz zülal, 51.8-62.6 faiz ekstrativ azotsuz maddələr, 1.6-1.9 faiz yağ, 2.3-2.5 faiz sellüloza və 1.9-2 faiz kül olur. Dənin tərkibində karbohidratlar 82 faizə qədər ola bilir, onun da çox hissəsini nişasta təşkil edir. Nişasta çörəyin hazırlanması və tərkibinə müsbət təsir göstərir. Çovdar ununda kleykovina maddəsi 3.1 - 4.5 faiz arasında olur. Kleykovinanın çoxalması onun çörəkbişirmə keyfiyyətini xeyli yaxşılaşdırır. Çovdar dənində insan orqanizmi üçün lazım olan vitaminlərin (B1, B2, PP, E taiamin, nikotin, riboclavin, pantoten və askorbin turşularının) olması ondan hazırlanan çörəyin keyfiyyətinə müsbət təsir edir. Unun tərkibində kleykovina maddəsinin azlığı xəmirin az uzanması və zəif elastikliyi hazırlanan çörəyin az köpürülməsi və az məsaməli olmasına səbəb olur. Çovdar çörəyi öz keyfiyyətinə görə dietik qida kimi də diabet (şəkər) və s. xəstəliklərə tutulan insanlar tərəfindən istifadə edilməsi məsləhət görülür (Şəkil 6.23). Çovdar dənindən spirt və nişasta istehsalında istifadə olunur. Küləşi kağız, həsir, səbət və digər məhsullar hazırlanmasında işlədilir. Respublikamızda çovdarı çöl noxudu, lərgə və s. paxlalılarla qarışıq payızda səpib yazda yaşıl yem kimi heyvandarlıqda istifadə edirlər. Məhsulu yığılan sahəni şumlayıb hər hansı bir yazlıq bitkini ora səpib becərmək olar. Deməli, bu tədbir eyni sahədən ildə iki dəfə məhsul götürməyə imkan verir. Heyvandarlıq təsərrüfatlarında çovdar dəni, küləşi və un üyütmə sənayesində alınan tullantısı (kəpəyi) yem kimi geniş miqyasda istifadə edilir. |